MTB üzrə federasiya kuboku yarışının qalibləri müəyyənləşib

MTB üzrə federasiya kuboku yarışının qalibləri müəyyənləşib
20:18 14 Mart 2015
138 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 14 mart, AZƏRTAC
Dağ Velosipedi Parkında idmanın bu növü üzrə açıq federasiya kuboku yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Bakı-2015” ilk Avropa Oyunlarının dağ velosipedi idmanı (MTB) üzrə yarışlarını qəbul edəcək məkanda təşkil olunan mövsümün açılış turnirində peşəkar idmançılarla yanaşı, həvəskarlar da mübarizə aparıblar.
Müxtəlif yaş qrupuna aid 30-dan artıq velosipedçinin mübarizə apardığı yarışda iştirakçılar uzunluğu 4,5 kilometr olan marşrut boyunca 3 dövrə vurublar. Kifayət qədər mürəkkəb, enişli-yoxuşlu və sərt döngələri ilə yaddaqalan mübarizənin yekununda yeniyetmə və gənclər arasında “Neftçi İdman Klubu” İctimai Birliyinin təmsilçiləri Musa Mikayılzadə və Vüqar Nəsibov müvafiq olaraq 1-2-ci yerləri tutublar. İlk üçlüyü Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin nümayəndəsi Samir Şıxəlizadə tamamlayıb.
Elit və U-23 yaş kateqoriyasında isə gözlənildiyi kimi, Avropa Oyunlarında iştirak etməyə namizədlər, dağ velosipedi üzrə yığma komandamızın üzvləri, Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin təmsilçiləri fəxri kürsüyə qalxıblar. Zədəli Aqşin İsmayılovun yoxluğunda əsas mübarizə Orxan Məmmədov, Aqşin Bağırlı və Murad Sultanov arasında gedib. Əsas rəqiblərindən bir qədər önə keçməyi bacaran O.Məmmədov yekunda federasiya kubokunu başı üzərinə qaldırıb. A.Bağırlı və M.Sultanov isə sonrakı iki yeri tutublar.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/MTB_uzre_federasiya_kuboku_yarisinin_qalibleri_mueyyenlesib-839427

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR