“Qanunsuz balıq ovu ilə bağlı sosial şəbəkədə yayılmış məlumat təsdiqini tapmadı”.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Qızılağac Dövlət Təbiət Qoruğunda balıqların qanunsuz yollarla kütləvi şəkildə ovlanması ilə bağlı sosial şəbəkədə yerləşdirilmiş fotoşəkillər və məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
“Araşdırma zamanı fotoşəkillərin Qızılağac Dövlət Təbiət
Qoruğunun sərhədləri hüdudlarından 1,5-2 kilometr aralı məsafədə
yerləşən Lənkəran rayonu Nərimanabad və Balıqçılar qəsəbələrini
birləşdirən avtomobil yolunun sağ tərəfində Xəzər dənizinin
sahilində, Dövlət Sərhəd Xidmətinin 14, 15, 16, 17 və 18 nömrəli
yanalma körpüləri sahələrində 6 il əvvəl çəkildiyi müəyyən
olunub.
Fotoşəkillərdəki qayığın nömrəsindən şəkillərin bir neçə il əvvəl
çəkilməsi aydın görünür. Çünki araşdırma zamanı müəyyən edilib ki,
Dövlət Sərhəd Xidməti tərəfindən 2012-ci ildən etibarən qayıqlara
üç-dörd rəqəmli yanalma nömrələri verilir. Fotoşəkildə isə qayıqda
iki rəqəmli yanalma nömrəsi yazılıb. Araşdırma zamanı Nazirliyin
mütəxəssisləri şəkillərdə içərisində ovlanmış siyənək balıqları
olan “Kazanka” tipli BA53 yanalma nömrəli qayığın Lənkəran rayonu
Balıqçılar qəsəbə sakini Məmmədov İlqar Nurəli oğluna məxsus
olduğunu müəyyənləşdirib. İ.Məmmədov yazılı izahat verərək
sözügedən şəkillərin 2010-cu ildə çəkildiyini, həmin vaxt “Lənkəran
Balıq Kombinatı” ASC-nin briqada üzvü olaraq ASC-yə verilmiş
18.10.2010-cu il tarixli, 07/15 nömrəli balıqovlama bileti ilə
qanuni əsaslarla açıq dənizdə balıq ovladığını, şəkillərin
Qızılağac DTQ-da çəkilmədiyini qeyd edib. Həmçinin ona məxsus
qayığın yanalma nömrəsinin 6 il əvvəl BA505 olaraq dəyişdirildiyini
bildirib.
Eyni zamanda, nazirliyin əməkdaşları tərəfindən 24-25 yanvar
2017-ci il tarixlərində, günün müxtəlif vaxtlarında Qızılağac
Dövlət Təbiət Qoruğunun su akvatoriyasında reydlər keçirilib və bu
müddətdə qanunsuz balıq ovlanması hallarına rast gəlinməsə də,
ərazi Nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb”.
Nazirlikdən bildirilib ki, qeyri-obyektiv məlumatların, yeri, çəkilmə tarixi dəqiqləşdirilməyən fotoşəkillərin sosial şəbəkələrdə yayılmasını qərəzli və məqsədli hesab edir, bunu ictimai fikrin çaşdırılması və saxta yollarla ictimai rəğbət qazanmaq cəhdi kimi qiymətləndirir.