"Prostat vəzi xərçəngini ilkin mərhələdə tamamilə sağaltmaq mümkündür"

"Prostat vəzi xərçəngini ilkin mərhələdə tamamilə sağaltmaq mümkündür"
22:12 22 Fevral 2017
191 Ölkə
Ölkə mətbuatı
A- A+

Son illər prostat vəzi xəstəlikləri ilə əlaqədar müraciət edənlərin sayı artıb. Bunu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinin müdiri Fikrət Əhmədov həmin xəstəlik barədə danışarkən deyib.

Milli.Az AZƏRTAC-a istinadən onun universitetin mətbuat xidmətinə verdiyi müsahibədən bəzi məqamları nəzərə çatdırır:" Prostat vəzinin xəstəlikləri aktual və kişiləri narahat edən məsələlərdən biridir. Aparılan müayinələr zamanı kişilərdə prostat vəzin iltihabi xəstəlikləri, prostatitlər, prostat vəzin xoşxassəli böyüməsi və ya prostat vəzin xərçəngi kimi xəstəliklər aşkar edilir. Onların içərisində daha çox prostat vəzin iltihabi xəstəlikləri və adenomalara rast gəlinir.

Prostat vəzin iltihabi xəstəlikləri əsasən gənc yaşlardan etibarən özünü büruzə verir. Prostatitlər adətən sidik yolu infeksiyası və ya cinsiyyət yolundan keçən infeksiyaların ağırlaşması zamanı üzə çıxır, xəstədə yüksək hərarət, sidik kanalında ağrı, göynəmə, irinli axıntının gəlməsi kimi hallar müşahidə edilir. Həmin əlamətlərlə müraciət edən xəstə olanda stasionar şəraitdə antibiotik müalicəsinə başlayırıq. Müalicələr düzgün aparılanda xəstə qısa müddət ərzində tamamilə sağalır."

Şöbə müdirinin dediyinə görə, prostat vəzin adenomaları isə əsasən 45-50 yaşdan sonra narahat etməyə başlayır. 60 -70 yaş arası olan kişilərin təxminən yarıdan çoxu həmin problemlə üzləşməli olur. Tibbi profilaktikaya əsasən 50 yaşından sonra kişilərin ildə bir dəfə uroloq müayinəsindən keçməsi məsləhət görülür. Müayinə həm sidik yolları sisteminin vəziyyətini öyrənmək, həm də prostat vəzin müayinəsi və xəstəliklətinin profilaktikası üçün aparılır. Xüsusilə prostat vəzi xərçənginin skrininqində ildə bir dəfə kişilərdə Prostatın Spesifik Antigeni (PSA) analizi aparılmalıdır, çünki prostat vəzi xərçənginin araşdırılmasında həmin analzi çox vacib rol oynayır. Təəssüf ki, kişilərin çox böyük əksəriyyəti xəstəliyə mübtəla olmayana qədər həmin analizləri vermir və bunun nəticəsində gecikmiş prostat vəzi xərçəngi diaqnozu ilə mübarizə aparmalı olurlar.

Prostat vəzin xoşxassəli hiperplaziyası və adenoması olanlar ilkin mərhələdə sidiyə tez-tez və kəsik-kəsik getmə, gecələr sidiyə tez-tez durmaq şikayəti ilə müraciət edirlər. Ultrasəs müayinəsi zamanı prostat vəzinin ölçülərini, parenximasının vəziyyətini, daşların, iltihabın olmasını, sidiyə gedəndən sonra qalan sidiyin miqdarını, həmçinin böyrək və sidik axarlarının vəziyyəti öyrənilir. Xəstə 50 yaşına çatıbsa, PSA analizinə əsasən müalicə taktikası seçilir. Prostat vəzin xoşxassəsli hiperplaziyası (adenoması) diaqnozu qoyulanda ilkin mərhələdə farmakolojik preparatlarla xəstə üzərində müşahidə aparılır və gündə bir dəfə dərman preparatı qəbul etməklə sidiyə getmə çətinlikləri aradan qalxır. Həmin preparatlarından illərlə faydalanan xəstələr olur. Lakin yaş artdıqca həmin xəstələrin təxminən 20-25 faizi dərmanın müsbət təsirini hiss etmir və belə olanda cərrahi müdaxiləyə zərurət yaranır. Prostat vəzin endoskopik (qapalı) əməliyyatı icra edilərək xəstəni normal həyata qaytarılır.

Həkim əməliyyatların açıq və ya qapalı icra olunması barədə danışarkən deyib: "Müasir dövrdə prostat vəzin hiperplaziyası əksər hallarda qapalı yolla həyata keçirilir. Yalnız prostat vəzinin ölçüsü həddindən artıq böyük olanda açıq əməliyyat aparılır. Endoskopik yolla (qapalı) TUR-Prostatektomiya əməliyyatı ararılanda 2-3 gün sonra xəstə evə buraxılır. Əməliyyatdan çıxan xəstə 2-3 həftə ağır iş görməməli, qida menyüsündən acı yeməkləri çıxarmalı, spirtli içki qəbul etməməlidir. 3 həftə sonra xəstə tam halda əvvəlki normal həyatına qayıdır. Tədricən onun orqanizmində yara və kəsik izləri tanamilə silinib gedir, sidiyə getmə keyfiyyəti artır.

Tədris Cərrahiyyə Klinikası xəstəliyin müalicəsi sahəsində dünya klinikaları ilə rəqabət apara biləcək səviyyədədir. Müasir endoskopik alətlər bizə prostatı bipolyar və monopolyar transuretral rezeksiya etməyə imkan verir. Bipolyarın üsulun üstünlüyü işlədilən mayenin böyrəklərə heç bir zərər verməməyindədir. Monopolyar əməliyyat zamanı istifadə olunan mayenin böyrəyə müəyyən təsiri olsa da, bipolyar üsulun tətbiqi böyrəyə hər hansı mənfi göstərmədən əməliyyatı icra etməyə imkan verir."

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/520211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR