​Manat ucuzlaşır, bankların xaricə borcu artır - Nə baş verəcək?

Keçən il bank sektoru üçün çox ağır keçdi. Belə ki, bir neçəsi sıradan çıxdı, digərləri bütün istiqamətlər üzrə ciddi ixtisarlar apardı. Əksəriyyətinə isə dövlət müvafiq dəstək oldu.

İqtisadçı ekspert Pərviz Heydərov metbuat.az-a açıqlamasında bildirdi ki, ölkədə bankların xarici öhdəliklərinin həcminin son 1 il ərzində 979,7 milyon manat - 11,94 % azalmasına baxmayaraq, ötən il dekabr ayında 185,7 milyon manat və ya 2,64 % çoxalması qeydə alındı. Bu da narahatlıq doğuran məqamdır.

Bu, nə ilə əlaqədardır və hansı səbəblərlə izah edilə bilər?

Ekspert bildirdi ki, kommersiya banklarının maliyyə resursları əsas etibarı ilə 3 mənbə hesabına formalaşır. Birincisi, əhalinin yerləşdirdiyi əmanətlər hesabına, ikincisi, xarici maliyyə qurumlarından cəlb edilən kreditlər və üçüncüsü isə AMB-dən cəlb olunan borc vəsaitləri hesabına:

“Məsələ bundadır ki, kommersiya bankları əvvəllər ölkədə kreditləşdirmə sahəsində vəziyyət yaxşı olduğundan xaricdən demək olar, necə gəldi vəsait cəlb edə bilirdilər. Xarici maliyyə qurumlarının da  əvvəllər Azərbaycan banklarının ilk baxışda vəziyyətləri yaxşı göründüyündən, habelə, neft gəlirlərimizin də qənaətbəxş səviyyədə olmasından istifadə edərək, bu sahədə xüsusi səxavətlilik nümayiş etdirdikləri nəzərə çarpırdı. Lakin 2014-cü ilin ortalarından sonra vəziyyət dəyişdi. Halbuki, Azərbaycanda bankların vəziyyətinin pis olduğu əslində, bundan əvvəl də özünü göstərməyə başlamışdı.

Neftin ucuzlaşması, ölkəmizin maliyyə vəziyyətinin bununla əlaqədar pisləşməsi və əsasən də, manatın devalvasiyaya uğraması nəticəsində banklar sıradan çıxmaq üzrə demək olar ki, bir-biri ilə “yarışa girməyə” başladılar. Bununla bağlı olaraq, xaricdən alınan kreditlər üzrə öhdəliklər də "şişməyə" doğru istiqamət götürdü. Üstəlik, növbəti kredit vəsaitlərinin cəlb olunması şərtləri ağırlaşmağa başladı. Belə ki, ölkəmizdə ümumən bank sektorunda vəziyyətin pisləşməsi ilə əlaqədar, xarici maliyyə qurumları da şərtlərini dəyişməyə başladılar.

Dekabr ayında da xarici öhdəliklər məhz manat ifadəsində artdı. Çünki keçən ilin dekabrında manatın dəyəri çox ucuzlaşdı".

Manat ucuzlaşmaqda yenə davam edəcək.

"Ümumiyyətlə, bu tendensiya arada müəyyən fərqlilik göstərməklə davam edəcək. Yəni, bütövlükdə götürdükdə, manat ucuzlaşmaqda yenə davam edəcək. Təbii ki, bu da xaricə olan borcları “şişirdəcək”. Banklar onsuz da əvvəlki qədər borc almırlar, ancaq aldıqlarını da qaytarmaqda çətinlik çəkirlər. Çünki bankların gəlirlilikləri azalıb. Üstəlik, qeyd etdiyim kimi, manatın ucuzlaşması prosesi dayanmır. İndi bir neçə gündür ki, manat möhkəmlənirdi. Ancaq bu da müvəqqəti xarakter daşıyır. Odur ki, bankların xaricə öhdəlikləri "şişməkdə" davam edəcək. Bu vəziyyət ölkədə bank sektorunda böhran aradan qalxanadək müşahidə olunacaq”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR