Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov arasında görüş keçirilib. Rusiyalı nazir Ermənistan və Azərbaycanın Qarabağ münaqişəsinin nizama salınmasında əsas aspektlərdən hələlik uzaqda olduğunu deyib. Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni plan irəli sürə bilər. ABŞ-ın “Vaşinqton Post” qəzeti Pentaqonun Suriya planının detallarını yazıb. İsrailin baş naziri Benyamin Netanyahu İranı “dünyada terrorizmin əsas generatoru” adlandırıb.

Rusiyalı nazir Sergey Lavrov görüşdən əvvəl Rusiya və Azərbaycan arasında strateji əməkdaşlığın inkişafında iki ölkə liderləri və hökumət üzvlərinin daimi görüşlərinin həlledici rol oynadığını bildirib. Azərbaycan xarici siyasət idarəsinin başçısı, öz növbəsində, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.

Nazirlər görüşdən sonra mətbuat konfransı keçiriblər. Sergey Lavrov bildirib ki, Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini davam etdirəcək.

O, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinin müzakirə olunduğunu söyləyib: "Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi həllə yönümlüdür. Məzmunlu prosesə başlamaq üçün ilk növbədə Azərbaycanla Ermənistan arasında inamsızlığın səviyyəsini azaltmaq lazımdır”.

Lavrov bildirib ki, Rusiya müxtəlif formatlar çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tərəfləri üçün müvafiq həll yolları tapılmasına yardım edəcək. Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin - ABŞ və Fransanın da iştirakı ilə ərsəyə gələn prinsipial yanaşmalar üzrə mümkün bütün addımları atır.

Rusiya xarici işlər naziri qeyd edib ki, Ermənistan və Azərbaycan Qarabağ münaqişəsinin nizama salınmasında əsas aspektlərdən hələlik uzaqdırlar. Onun sözlərinə görə, işğal olunmuş rayonlar Azərbaycana qaytarılmalıdır.

“Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılmalıdır. Həmçinin, Qarabağın statusu təyin olunmalıdır, sözsüz ki, orada yaşayan insanların qayıdışı da nəzərə alınmalıdır. Hazırda son paket üçün əsas olan iki, üç mövzu müzakirə edilir. Dəqiq deyəcəm ki, biz bu məsələlərin razılaşmasından uzağıq”, - deyə o bildirib.

Elmar Məmmədyarov isə İrəvanın münaqişənin həlli üçün siyasi iradəsi olmadığını vurğulayıb. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində başlıca şərt işğal altındakı Azərbaycan ərazilərinin geri qaytarılması və qoşunların çıxarılmasıdır: “Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının mütləqdir. Ermənistan tərəfinin ritorikası sülhə doğru etdiyimiz hərəkətə uyğun gəlmir”.

Nazir Rusiyanın münaqişənin həlli istiqamətində ciddi səylər göstərdiyini də qeyd edib: “İndiki halda hər şey təkcə Azərbaycandan asılı deyil, həmsədr kimi Rusiyadan da çox şey asılıdır. Təbii ki, burada erməni tərəfi də masa üzərində olan təklifləri qəbul etmək baxımından mühüm rol oynamalıdır".

Elmar Məmmədyarovun sözlərinə görə, əsaslı danışıqlar qoşunların təmas xəttindəki gərginlik nəticəsində həlak olan hərbçilərin həyatını xilas edə bilər.

ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə Azərbaycana səfər edəcəklər. Bunu Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov deyib. O, digər həmsədrlərlə bərabər bu həftə ərzində Azərbaycanda səfərdə olacaqlarını açıqlayıb.

Səfər çərçivəsində həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur. İ.Popov Ermənistana səfərlərinin başqa vaxta planlaşdırıldığını deyib.

Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı geniş müzakirələr başlayıb. Xüsusilə seçki öncəsi vəziyyətdə siyasi partiyalar əhalinin istəyinə uyğun bəyanatlar verirlər.

Ermənistanın “lragir” saytı “Erməni Milli Konqresi”nin lideri Levon Ter-Petrosyanın ilk belə bəyanat verdiyini yazıb. Petrosyan ötən ilin dekabrında bəyan etmişdi ki, “Qarabağı qaytarmalı və sülh bağlamalıyıq”.

Daha sonra Petrosyan seçkilərə “Qarabağda sülh” şüarı ilə getdiklərini açıqladı.

Sayt yazır ki, Petrosyanın bu mövqeyi təsadüfi deyil və Ermənistan əhalisinin əksəriyyətinin mövqeyini nümayiş etdirir.

Yeni plana qarşı PUTİNİN ORDUSU, 20 il boyunca QARABAĞ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

“Qarabağı Azərbaycana qaytarın, övladlarımızın ölməsini istəmirik” – Ermənilər ETİRAZA QALXIR

Erməni valideynlərinin əsas istəyi budur.