Qırğızıstanda “Ata-Meken” müxalifət partiyasının tərəfdarları paytaxt Bişkekdə etiraz aksiyalarına başlayıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, aksiyalar dələduzluq və korrupsiyada ittiham olunaraq barəsində iki aylıq həbs-qəti imkan tədbiri seçilən partiya sədri Onurbek Tekebayevin müdafiəsi məqsədilə təşkil edilib.
Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları fevralın 26-da ATƏT-in Parlament Assambleyasının toplantısından qayıdın siyasətçini Bişkekdə saxlayıb. Siyasətçinin vəkilləri iki aylıq həbsin ev həbsi ilə əvəz olunması üçün apellyasiya veriblər.
Onurbek Tekebayevin tərəfdarları hesab edirlər ki, onun həbsi və cinayət işi siyasi xarakteri daşıyır. Onlar hakimiyyətdən başqa cür düşünənlər barəsində repressiyaları dayandırmağı tələb edirlər.
“Biz ölkədə baş verənlərə diqqəti cəlb etmək üçün beynəlxalq məhkəmə instansiyalarına müraciət etmək niyyətindəyik”, - “Ata-Meken” partiyasından olan deputat Almambet Şıkmamatov bildirib.
Qeyd edək ki, Onurbek Tekebayev hazırda hakimiyyətin əsas siyasi opponenti sayılır. Tekebayev respublikada ağırçəkili siyasətçidir. “Ata-Meken” partiyasının sədri prezident Almazbek Atambayevin keçmiş müttəfiqi olub. Prezident Konstitusiyaya dəyişikliklər təklif edəndən sonra ona qarşı müxalifətə keçib. Tekebayev 2005-ci ildə “Zanbaq inqilabı”nın liderlərindən biri olub. O, 2010-cu il inqilabında da yeni hakimiyyəti dəstəkləyib və müvəqqəti hökumətin başçısının müavini postunu tutub.