Bakı Nəqliyyat İdarəsi hava şəraiti ilə bağlı qərargah yaratdı

Bakı Nəqliyyat İdarəsi hava şəraiti ilə bağlı qərargah yaratdı
14:44 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Havaların kəskin soyuyacağı ilə bağlı Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsində müşavirə keçirilib”. Bunu Lent.az-a açıqlamasında İdarənin rəis müavini Əmrah Cəfərov bildirib. O qeyd edib ki, iclasda nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi ilə bağlı tabeli qurumlara tapşırıqlar verilib: “Bundan başqa hansı yollarda buzlaşma təhlükəsi yaranacaqsa, həmin yollara qum səpilməsi ilə bağlı müvafiq qurumlara müraciət ediləcək”.

 

İdarə rəisinin müavini onu da bildirib ki, əlavə maşınlar ayrılmaqla, avtobus sürücüləri iş yerlərinə çatdırılacaq: “İdarə rəisinin rəhbərliyi ilə qərargah da yaradılıb. Bundan başqa, vətəndaşlar hər hansı bir problemlə üzləşdikdə idarədə yaradılan qaynar xəttə (561 76 28) müraciət edə bilərlər”.

“Avtobusların qrafikində dəyişiklik edilə bilərmi” sualına Ə. Cəfərov belə cavab verib: “Bu məsələ İdarədə yaradılmış qərargahda müzakirə edilə bilər”.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında yanvarın 8-də fasilələrlə yağış, qar yağacaq. Şimal-qərb küləyi şiddətlənəcək. Çovğun olacaq, gecəyə doğru yollar buz bağlayacaq.  

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189643

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR