"Bəzi ölkələrdəki qarışıqlıqlar uzaq olaq" - Qurban Qurbanov

"Bəzi ölkələrdəki qarışıqlıqlar uzaq olaq" -   Qurban Qurbanov
00:17 13 Aprel 2017
115 İdman
Ölkə mətbuatı
A- A+

"Həyatda nəyə isə nail olmaq kimi bir şey yoxdur. Sadəcə, Allahın verdiyi şansdan doğru-düzgün istifadə etmək istərdim". Bu sözləri "Qarabağ" futbol komandasının bu gün 45 yaşı tamam olan baş məşqçisi və AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov "Report"a müsahibəsində deyib.


Müsahibəni sizə təqdim edirik.


- Əvvəlcə yubileyiniz münasibətilə sizi təbrik edirik. Bu müddətdə şəxsi həyatda və karyeranızda arzu-istəklərinizi nə dərəcədə gerçəkləşdirə bilmisiniz?

- Açığı, həyatda nəyə isə nail olmaq kimi bir şey yoxdur. Sadəcə, Allahın verdiyi şansdan doğru-düzgün istifadə etmək istərdim. İş isə elədir ki, hər an dəyişilə bilər. Hansı işdə olsam, çalışmışam ki, öz üzərimə düşəni layiqincə yerinə yetirim. Ömürdür, gedir. "45 yaşa çatmışam" deyə düşüncələrim yoxdur.


- Futbolçu kimi hələ də Azərbaycan millisinin ən yaxşı bombardirisiniz, eyni zamanda ölkənin ən uğurlu baş məşqçisisiniz. Bu qədər nailiyyəti hazırkı yaş dövrünüz üçün yetərli saya bilərik?

- Millinin bombardiri bu gün mənəm, amma sabah dəyişilmə ehtimalları çoxdur. Çünki 14 qol elə də çox deyil. Düşünürəm ki, qarşıdakı vaxtlarda bombardirin adı dəyişiləcək. Sadəcə, işimizin tam öhdəsindən gəlməyə çalışırıq. Yenə də bunu yaşla bağlamaq istəmirəm. Çünki millidə bombardirlik neçə illər öncə baş verib, baş məşqçi kimi isə cəmi 10 ildir çalışıram. Sadəcə, işim uğurludur. Həyatda isə bəzən fərqli şeylər də olur. Ona görə də 3-4 sahə var ki, onlara qarşı ayrı-ayrılıqda çox diqqətli olmalıyam.


- 45 yaşınıza ən gözəl hədiyyə nə olardı: Çempionluq, yoxsa...?

- Desəm ki, ad günümü fikirləşmirəm, bəlkə də inanmazsınız. Amma hazırda düşüncələrim qarşıdakı oyunlara, daha dəqiqi, aprelin 16-da "İnter"lə keçirəcəyimiz matça yönəlib. Ad günümü qeyd etmək kimi düşüncələr hazırda yoxdur. Çox sıx qrafikdəyik. Qarşıdakı oyunlarımızı fikirləşirəm.


- Necə düşünürsünüz, "İnter"ə qalib gəlsəniz, çempionluğu elə Premyer Liqanın XXVI turundaca rəsmiləşdirə bilərsiniz, yoxsa bu, daha bir tur ertələnəcək?

- Həmişə demişəm ki, hər qələbəni qazandıqca, uğura doğru bir addım da gedirik. "İnter"lə matçda da uğurlu nəticə olsa, deməli, bir addım da irəli getmiş olacağıq. Futbol elə bir oyundur ki, ümumiyyətlə, heç bir arxayınlıqdan söhbət gedə bilməz. Bütün diqqətlərimiz qarşıdakı oyunlarımızdadır. Hər an istənilən nəticə baş verə bilər. Ona görə də çox ehtiyatlı və diqqətli olmalıyıq.


- 50 illik yubileyinizədək özünüz və futbolçu övladınız Musa Qurbanovla bağlı hansı arzularınızın həyata keçməsini istərdiniz?

- Hər şeyə real yanaşmaq lazımdır. Ümumiyyətlə, yaşdan, ildən, aydan asılı olmayaraq, həmişə istəmişəm ki, ölkəmizdə hər şey qaydasında olsun, sülh, əminamanlıq olsun, dünyadakı bütün azərbaycanlılar və müsəlmanlar çətinliklərdən uzaq olsunlar, bəzi ölkələrdəki qarışıqlıqlar, xoşagəlməz hallardan uzaq olaq. Sakitlik, xoşbəxtlik olsun, insanlar bir-birilərinə hörmətlə yanaşsınlar. Düşünürəm ki, bu, hər bir insanın, hər bir müsəlmanın arzusudur. Əlbəttə, hər bir valideyn öz övladının doğru-düzgün yolda, xoşbəxt və ən başlıcası, sağlam olmasını istər. Fərqi yoxdur o, idmançı, həkim və ya başqa peşənin sahibi olacaq. Əsas odur ki, ailəsinə, Vətəninə layiq sağlam, gümrah övlad olsun. Qaldı ki, 50 yaşadək nəyisə arzulamaq mənim üçün düzgün çıxmaz.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbzi-olklrdki-qarqlqlar-uzaq-olaqquot-t57547.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR