Vətəndaşlara qarşı 1 milyona yaxın dələduzluq etməkdə təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin cinayət işi üzrə məhkəmə keçirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Elçin Axundzadə hakim və prokurorun suallarını cavablandırıb.
O ifadəsində bildirib ki, sosial şəbəkədə tanış olduğu xarici ölkə vətəndaşı Sabrina Vardinaşviliyə təmənnasız olaraq 39 min dollar və 11 min manat borc pul verib: "Pulu qaytarmadı. Sabrina ilə görüşdük mənə dedi ki, tanışı Aygün Akimova sayəsində məni Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Masallı şöbəsində vəzifəyə təyin edəcək. Aygünə pul verməmişəm. İşim düzəlməyəndə isə pulumu Sabrinadan tələb etdim. Aygün özünü MTN polkovniki kimi təqdim edərək, pulu "yuxarılara" verdiyini dedi".
Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş Elçin Axundzadən pul almayıb: "Elçini Sabrinanın vasitəsi ilə tanımışam. Elçin sələmə pul verirdi. Sabrina da mənim üçün ondan 10 min manat pul alıb. Bir müddətdən sonra isə 14 min 500 manat pul qaytarmışam".
Elçin Axundzadə Aygün Akimovaya sual verib: "Siz ifadənizdə imkanlı şəxs olduğunuzu deyibsiniz. Ehtiyaclarınızın həyat yoldaşınız tərəfindən ödənildiyini yazıbsınız. Necə oldu ki, məndən 10 min manat sələmə pul istəyibsiniz, sənin həyat yoldaşın kimdir, de bilsin də camaat? "
Aygün Akimova sonuncu suala etiraz edib: "Sizə dəxli yoxdur ki, mənim həyat yoldaşım kimdir. Bu sizi maraqlandırmır. Sələmə pulu sizdən yox Sabrinadan almışam. Sonra da 14500 manat qaytarmışam".
Zərərçəkən Elçin Axundzadə deyib ki, Aygün Akimovanın həyat yoldaşı Abdulla Abdullayevdir (AMAY Abdulla).
Prosesdə zərərçəkmiş şəxs qismində dindirilən Afət Hüseynova deyib ki, Aygünü tanıyandan sonra onunla yaxın münasibəti olub. Bu münasibətlərdən sonra külli miqdarda pulu ələ keçirilib: "Aygünün vasitəsi ilə 170 minə ev aldım. Ev başıma bəla oldu. Sonradan həmin evdə qorxaraq yaşayırdım. Deyirdi ki, bizi izləyirlər. Özünü MTN polkovniki kimi təqdim edirdi. Guya bu vəzifəli şəxsin arvadı idi, Azərbaycanın ən gənc polkovniki idi. Məni elə əmin etmişdilər ki, inanırdım".
Afət Hüseynova daha sonra mağazasında olan mallarının, evinin, maşınının və yeni mağaza almaq üçün pullarının ələ keçirildiyini deyib: "800 min manata yaxın pulumu yeyib".
Növbəti məhkəmə prosesi mayın 2-nə təyin edilib.
Xatırladaq ki, bu iş üzrə "AMAY Abdulla" da kimi tanının Abdulla Abdullayev istintaqda şahid kimi ifadə verib. Bir müddət əvvəl həbsxanadan azadlığa çıxan biznesmen Aygün Akimova ilə evli olmadığını, ancaq Aygünün uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi onun adının yazıldığını deyib.
Qeyd edək ki, A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi təqdim edərək, onlara 1 milyon manat dəyərində dələduzluq edib. İttiham aktına əsasən, həmin cinayət işində onun İ.Baxşıyevlə əlbir olduğu qeyd edilir.
Onlara Cinayət Məcəlləsinim 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib