İraqın ordu qüvvələri İŞİD-ə qarşı irimiqyaslı hərbi əməliyyatlara başlayıb.

Metbuat.az xəbər verir ki, Terrorizm Əleyhinə Xidmət (CTS) qüvvələrinin 2016-cı ilin oktyabrından başladığı əməliyyatdan artıq 7 ay keçir. Əməliyyatlarda təxminən 50 000 nəfərlik İraq təhlükəsizlik qüvvələri, kürd Peşmərgə döyüşçüləri, sünni-ərəb tayfaları və şiə silahlıları iştirak edir.

Mosulun şimalında aparılan əməliyyatlar zamanı terrorçuların əlində olan 5 körpüdən 3-ü azad edilib.

İŞİD lideri Əbubəkr-Əl-Bağdadinin özünü "xəlifə" elan etdiyi məsciddə artıq terrorçuların bayrağı dalğalanmır. Məscid uçmaq təhlükəsi ilə üz-üzədir.

Qeyd edək ki, Mosul 2014-cü ilin iyun ayında cihadçıların əlinə keçib və onların lideri şəhərdəki məsciddən "xilafətin" qurulduğu elan edilib. İndiyə qədər 300 min sakin şəhəri tərk edib.

Aytən Novruzova / metbuat.az