Rusiya Ədliyyə Nazirliyi tərəfindən qaldırılan iddia
əsasında mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK)
qeydiyyatının ləğvi ilə bağlı məhkəmə prosesi keçiriləcək.
Məhkəmənin hansı qərar verəcəyi prosesin keçiriləcəyi gün məlum
olacaq, lakin ümumiyyətlə Rusiyada böyük Azərbaycan icmasını özündə
birləşdirən ÜAK-ın qeydiyyatının ləğvi məsələsinin qaldırılması
təəccüb doğurduğu qədər, suallara və şübhələrə də yol
açır.
Təəccüb doğuran məqam bu addımın Rusiya-Azərbaycan münasibətləri
fonunda atılmasıdır. Çünki iki ölkə arasındakı əlaqələr daim ən
yüksək səviyyədə olub. Bakı və Moskva istər iqtisadi, istər siyasi,
istər hərbi və digər sferalarda sıx əməkdaşlıq ediblər və bu
münasibətlər hazırda da davam edir. İkitərəfli münasibətlərlə
yanaşı, Rusiya üçün taleyüklü məsələlərdə Azərbaycan həmişə öz
dəstəyini nümayiş etdirib.
- Qərbin Rusiyaya sanksiya tətbiq etməsinə baxmayaraq,
rəsmi Bakı bu prosesə qoşulmadı və rus xalqına əlindən gələn
dəstəyi göstərdi.
- Təyyarə böhranına görə pozulan Rusiya-Türkiyə
münasibətlərinin bərpa olunmasına da Azərbaycan rəhbərliyinin rolu
ciddi təsir etdi. Halbuki, Ankara ilə düşmən münasibətlər Moskvanın
geosiyasi müstəvidə əlini zəiflədirdi.
Təkcə bu iki məsələ Azərbaycanın ən vacib məqamlarda Rusiyaya
tərəfdaşlıq nöqteyi-nəzərindən yanaşdığını sübut edir.
Bununla yanaşı, Azərbaycan dövləti rus dilinin və mədəniyyətinin
qorunub saxlanması, rusdilli təhsil müəssisələrinin, rus icmasının
və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə
yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının
təmin olunması üçün bütün zəruri addımları atır.
İki ölkə arasındakı münasibətlər iki ölkənin liderləri arasındakı
dostluq münasibətləri ilə də möhkəmlənir. Bu gün Azərbaycan
Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin siyasi
və diplomatik münasibətlərlə yanaşı, şəxsi dostluq münasibətləri
iki ölkənin qarşılıqlı əməkdaşlığının inkişafına səbəb olub.
Lakin bütün bunların fonunda ÜAK-ın ləğvi məsələsinin gündəmə
gəlməsi ilk sualı gündəmə gətirir: “Doğrudanmı, ÜAK-ın
ləğvi - Bakı-Moskva münasibətlərinin ruhuna zidd olan addımın
atılması Rusiya dövlətinin istəyidir?”
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin
(CASCFEN) sədri Azər Həsrət Publika.az-a bildirib ki, ÜAK-ın ləğvi
məsələsinin gündəmə gəlməsi Rusiya dövlətinin istəyi ola
bilməz:
“Rusiya və Azərbaycan strateji tərəfdaş ölkələrdir. Azərbaycan
Rusiyaya münasibətdə həmişə strateji tərəfdaşlığa sadiq qalıb, heç
vaxt arxadan zərbə vurmayıb. Hələ ulu öndər Heydər Əliyevin
vaxtında Rusiya ilə münasibətləri yüksək səviyyədə saxlanılıb, indi
də Prezident İlham Əliyev bu kursu davam etdirir. Bu baxımdan,
ÜAK-ın qeydiyyatının ləğv edilməsi məsələsi bizi təəccübləndirir və
narahat edir. Rusiya-Azərbaycan münasibətləri fonunda bu addım xoş
deyil. İnanmıram ki, bu məsələ Rusiya dövlətinin birbaşa
təşəbbüsüdür. Belə təəssürat yaranır ki, Rusiya dövləti
azərbaycanlılara qarşıdır. Lakin situasiyanı belə izah etmək doğru
olmaz. Münasibətlərin səviyyəsi bu fikri inkar edir”.
A.Həsrət qeyd edib ki, mayın 15-də iki ölkənin
münasibətlərinə xələl gətirəcək qərarın verilməyəcəyinə ümid
edir:
“Ümid edirəm ki, Rusiya dövləti bu xoşagəlməz prosesin qarşısını
alacaq. Çünki bu, birbaşa Rusiyanın dövlət maraqlarına qarşı
atılmış addımdır”.
Burada ikinci sual ortaya çıxır: “ÜAK-ın ləğvində, dolayısı
ilə Rusiya-Azərbaycan münasibətlərinə xələl gəlməsində kimlər
maraqlı ola bilər?”
A.Həsrət deyir ki, burada üçüncü qüvvələr rol oynayır.
Onun fikrincə, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı
bəzi dairələri narahat etməyə bilmir:
“Xüsusilə ermənilər bundan qıcıqlanırlar. Bu baxımdan, ÜAK-ın
ləğvi məsələsinin qaldırılmasının arxasında Rusiyadakı erməni
diasporu və erməni lobbisinin rol oynadığını deyə bilərik”.
Rusiya-Azərbaycan münasibətləri, iki ölkə liderinin şəxsi
münasibətləri və proseslərin inkişafını analiz etdikdə bütün gözlər
erməni lobbisinin üzərinə yönəlir. Rusiyada ermənilərin maraqlarını
müdafiə edən ictimai-siyasi şəxslər dövlət qurumlarında da
mövcuddur. Zaman-zaman Azərbaycana qarşı Rusiya dövlətinin rəsmi
mövqeyi olmayan əks fikirlərin səslənməsi də bunu deməyə əsas
verir. Görünən budur ki, Rusiyanın dövlət strukturlarında
anti-Azərbaycan qruplar, erməni lobbisi Azərbaycan xalqına və
dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. ÜAK-ın
ləğvi məsələsinin qaldırılması da sübut edir ki, Rusiyanın ədliyyə
sistemindəki bu qrupların fəaliyyəti daha qabarıq şəkildə özünü
büruzə verir.

Erməni maraqlarından çıxış edən bu qrupların məqsədi
nədir?
1. ÜAK-ın qeydiyyatının ləğv edilməsi hər şeydən
öncə Rusiyada Azərbaycan diasporunun fəaliyyətinin zəifləməsi ilə
nəticələnə bilər. Halbuki, son zamanlar Azərbaycan diasporunun
güclənməsi bu ölkədəki erməni diasporunun mövqelərinin zəifləməsinə
səbəb olmuşdu. Bu isə Rusiya ictimaiyyətində xüsusilə Dağlıq
Qarabağ məsələsi ilə bağlı Azərbaycanın mövqeyini müdafiə edənlərin
sayının artması ilə müşahidə olunurdu. ÜAK-ın qeydiyyatının ləğv
edilməsi Azərbaycan diasporunun fəaliyyətini zəiflədə, əvəzində
erməni diasporunun önünün açılmasına səbəb ola bilər.
2. ÜAK-ın qeydiyyatının ləğv edilməsi ilə
Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər. Bununla,
Rusiyanın Ermənistanın maraqlarının təmini güclənə bilər. Ötən il
baş verən “aprel müharibəsi”ndə Ermənistanın gözlədiyinin əksinə
olaraq, Rusiyanın neytrallıq nümayiş etdirməsi sübut etdi ki,
Bakı-Moskva münasibətləri düşmənlərin istədiyi səviyyədə deyil. Bu,
Ermənistan üçün ciddi zərbə oldu.
3. Bakı-Moskva münasibətlərində soyuqluq yaranması
Rusiya-Türkiyə münasibətlərinə də mənfi təsir göstərə bilər.
Rusiya-Türkiyə yaxınlaşmasını istəməyən əsas ölkə Ermənistandır.
Çünki bu, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ədalətli
mövqeyinə uyğun həllinə təsir edə bilər. Lakin Ermənistanla yanaşı,
Moskva-Ankara münasibətlərinin soyuqlaşmasında Qərb dairələri də
maraqlıdır. Hesab etmək olar ki, Qərbdəki erməni lobbisi ilə
Rusiyadakı erməni lobbisi müştərək fəaliyyət göstərir və ÜAK-a
qarşı addımla daha uzaq hədəflərə nail olmağı düşünürlər.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri
Məhərrəm Zülfüqarlı da Publika.az-a açıqlamasında Qərbdəki erməni
lobbisi ilə Rusiyadakı erməni lobbisinin birgə hərəkət etməsi
ehtimalını istisna etmir.
“ÜAK məsələsinin arxasında Rusiya dövləti dayanmır. Burada üçüncü
qüvvələr, yəni Azərbaycan-Rusiya münasibətlərini pozmaq istəyənlər
var. Bu qüvvələr Rusiyadakı ermənilər və onlara dəstək verən dövlət
qurumlarındakı şəxslərdir. İki ölkə arasındakı münasibətlərdən
qıcıqlanan qüvvələrdən biri Qərbdir. Xüsusilə Azərbaycan Moskvaya
qarşı sanksiyalara qoşulmamaqla, anti-Rusiya kampaniyasına böyük
zərbə vurdu. Hesab etmək olar ki, Qərbdə erməni maraqlarına
işləyənlərlə Rusiyadakı qüvvələr bu məsələdə birgə hərəkət
edirlər”, - deyə o bildirib.
M.Zülfüqarlı qeyd edib ki, Rusiya dövlət strukturlarında
mərkəzi hakimiyyətin əleyhinə hərəkət edənlər də var:
“Vaxtilə təyyarə böhranı göstərdi ki, Türkiyə dövlətinin
iradəsindən kənar addım atılıb, daha sonra bunun FETÖ tərəfindən
edildiyi ortaya çıxdı. Hesab edirəm ki, Rusiyanın dövlət
strukturlarında dövlətin iradəsindən kənar çıxış edənlər var v ə
ÜAK məsələsini qaldıranlar da onlardır”.
Ekspert bu dairələrin Bakı və Moskva arasındakı münasibətlərə xələl
gətirməklə yanaşı, Rusiyanın dövlət maraqlarını da zərbə altına
qoyduqlarını diqqətə çatdırıb.
Rusiyanın dövlət maraqlarına endirilən zərbə:
- Azərbaycan icmasının ən böyük ictimai birliyini qeydiyyatının
ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz
xarakterinə ziddir. Bu, Rusiyada tolerantlıq mühitini,
millətlərarası münasibətləri təhdid edən addımdır. ÜAK-ın
qeydiyyatı ləğv edilərsə, bu, Rusiyanın ictimai nüfuzuna, rus
cəmiyyətinin quruluşuna ciddi zərbə olacaq.
- Bu qərarın qəbul edilməsi Rusiyanın regiondakı fəaliyyətinə,
bitərəf mövqeyinə kölgə salacaq. Xüsusilə Azərbaycan və Ermənistana
münasibətdə daim balans saxlamağa üstünlük verən Rusiyanın
anti-Azərbaycan mövqeyindən çıxış etdiyi ortaya çıxacaq. Beləliklə,
ən böyük zərəri Rusiyanın regiondakı maraqları görəcək.
- Rusiyanın son vaxtlar Ermənistana hərbi yardımları artıb. Bunun
fonunda, Azərbaycana qarşı belə bir addımın atılması Rusiyanın
Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi
missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə
salır.
Məhz bu amillər mayın 15-də veriləcək qərarın Rusiya üçün də
taleyüklü məsələ olduğunu sübut edir.
Asif Nərimanlı