Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ustadlıq dərsləri

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ustadlıq dərsləri
18:37 18 May 2017
Ölkə mətbuatı
A- A+

16 və 17 may 2017-ci il tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Norveçin "Oslo Kammerakademi" ansamblının solistlərinin 2 gün ərzində qaboy, fleyta, faqot, klarnet, kantrabas, valtorna ixtisasları üzrə ustadlıq dərsləri keçirilib.

Akademiyanın müəllim və tələbə heyəti böyük maraqla bu dərslərdə iştirak ediblər. Ustadlıq dərslərində nəinki BMA tələbələri, həmçinin Bülbül adına Orta İxtisas Musiqi məktəbinin və musiqi kollecinin və s. şagirdləri də iştirak edirdi. Norveçlilərin ustadlıq dərslərindən gəldiyi qənaətə əsasən bizim nəfəsli alətlər üzrə ifaçılıq məktəbi özünü olduqca müsbət doğrultdu. Qonaqlar tələbələrin marağını və yüksək səviyyədə olan hazırlıqlarını qeyd etdilər.

Milli.Az bildirir ki, Norveçin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri B.İ.Svendsen ustadlıq dərslərindən öncə BMA-nın rektoru, professor F.Bədəlbəyli ilə görüş keçirib, danışıqlar əsnasında təşkilati və yaradıcı məsələlər müzakirə olunub.

Qeyd etmək lazımdır ki, Azərbaycan və Norveç arasında sıx mədəni əlaqələr mövcuddur. Bu istiqamətdə Norveç tərəfindən BMA-ya böyük diqqət və maraq duyulmaqdadır. BMA-nın E.Qriq adına Bergen Universiteti ilə əlaqələri genişdir və BMA ilə Qriq Akademiyasının müqaviləsinə əsasən BMA-dan bir çox tələbələr Qriq Akademiyasında illərdir davamlı olaraq musiqi təhsili alırlar. Bundan əlavə mütəmadi olaraq Universitetlərarası professor-müəllim heyətinin mübadiləsi təşkil olunur. Belə ki, keçən ildə də Oslo Kamera orkestrinin BMA-da ustadlıq dərsləri və konserti keçirilib. Oslo Kamera orkestrinin azərbaycan tələbələri haqqında yüksək təəssüratları nəticəsində bu layihə cari ildə bir daha təkrarlandı.

İki gün davam edən ustadlıq dərslərinin sonunda Oslo kamera ansamblının Bakı Musiqi Akademiyasının böyük zalında Azərbaycan və Norveçin diplomatik əlaqələrinin 25 illiyinə və Norveçin konstitusiya gününə həsr olunmuş təntənəli konsert proqramı ilə yekun vuruldu. Konsertdə dinləyicilər arasında qonaq qismində Norveç, ABŞ, İspaniya, Moldova, Kazaxıstan, İsrail, İtaliya, Polşa, Macarıstan, Yunanıstan, Argentina kimi ölkələrin Azərbaycandakı səfirləri və səfirliklərin əməkdaşları, həmçinin Azərbaycandakı "Statoil" kompaniyasının nümayəndələri və musiqi ictimaiyyətinin önəmli nümayəndələri iştirak edirdi.

Konsertin əvvəlində BMA-nın "Beynəlxalq əlaqələr və tərbiyə işləri" üzrə prorektoru, Xalq artisti, professor Y.Axundova qonaqları salamladı, Azərbaycan və Norveçin diplomatik əlaqələrinin 25 illiyi münasibəti ilə hər iki ölkənin nümayəndələrini təbrik etdi. Sonra isə Norveçin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri B.İ.Svendsen Azərbaycan dilində çıxış edərək, möhtəşəm təşkilatçılığa görə BMA-nın rəhbərliyinə dərin minnətdarlığını bildirdi.

Konsert, olduqca yüksək səviyyədə keçdi, tamaşaçılar səslənən ifaları çox heyranlıqla qarşıladı. Auditoriya fasiləsiz alqışlarla ifaçıları dəfələrlə səhnəyə yenidən dəvət edirdi. Orkestr son nömrədə Ü.Hacıbəylinin "Arazbarı" əsəri ilə konsertə təntənəli surətdə yekun vurdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/546183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR