Tramp istefaya göndərilə bilərmi? - Günün siyasi şərhi

ABŞ kəşfiyyatı Tramp-Rusiya əlaqələrinin araşdırma nəticələrini ortaya qoyduqdan sonra, Trampın istefası gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, Trampın seçkiqabağı təşviqat kompaniyasının üzvlərinin Rusiya ilə ən azı 18 dəfə telefon vasitəsilə danışıqlar apardığı ortaya çıxıb. “Elektron poçt” işi üzrə istintaqın nəticələri də hazırdır.

Trampın hakimiyyətdən getmə məsələsi ABŞ hökümətində ciddi şəkildə müzakirə olunur. Senatorlar da Trampın hər an istefaya göndərilməsi (impiçment) məsələsinə dəstək veriblər.

Məsələ ilə bağlı Metbuat.az -a açıqlama verən politoloq Mübariz Əhmədoğlu bunları deyib:

“Hazırda Trampın hər an istefaya göndərilməsi (impiçment) məsələsi çox vaxtsızdır. İmpiçment məsələsi başlasa belə, təxminən il yarım davam edə bilər. Demokratlar Partiyasının üzvü olan senatorlardan biri bu ideyanı gündəliyə gətirib. Respublikaçılar Partiyası isə əleyhinə çıxıb. Bu məsələ sadəcə mətbuat səviyyəsində gündəmə gətirilib. Ekspertlər də bilir ki, ABŞ vətəndaşlarının böyük əksəriyyəti Trampa səs verməyib. Hillari Klintona səs verənlərin sayı Trampa səs verənlərin sayından təxminən 3 milyon nəfərə yaxın artıq olub. ABŞ-ın seçki mexanizmi elədir ki, Tramp lazım olan ştatlarda lazım olan miqdarda səsi topladı. Prezident seçilərkən onun əhali arasında nüfuzu aşağı idi. Zaman keçdikcə isə, onun reytinqi daha da aşağı düşür. Ən azından ona görə ki, o, seçkiqabağı dövrdə verdiyi vədlərin tamamilə əksinə hərəkət edir. Bu isə amerika xalqının xoşuna gəlmir. Tramp Suriya məsələsində Rusiya ilə dialoqa getməli idi. Amma göründüyü kimi, Rusiya ilə əməkdaşlıq etmir, Suriyanı iki dəfə bombaladı. Bəşər Əsədin hakimiyyətdən getməsini istəyir. Trampın İranla bağlı mövqeyində də sürüşkənlik var. Avropa İttifaqı, NATO ilə bağlı fikirlərində ziddiyyətlər var. ABŞ mətbuatı bu dəqiqə Tramp haqqında yalnız neqativ informasiyalar paylaşmaqla məşğuldur. Bu, stər-istəməz əhalinin mövqeyinə təsir edir. Tramp bu problemlə mübarizə aparmağa çalışsa da, alınmır. Problem onun özündədir. Bu adam heç vaxt siyasətlə məşğul olmayıb. O istəyir ki, onun haqqında hər gün müsbət fikirlər yayılsın”.

Aytən Novruzova / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR