1-2 iyun 2017-ci tarixində Aşqabad şəhərində baş tutmuş “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın razılaşdırılması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 49-cu iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistanın Nazirlər Kabinetinin sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov arasında görüş keçirilib.
XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə,
görüşdə iqtisadi, ticari, o cümlədən enerji və nəqliyyat
sahələrində ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri
müzakirə edildi və iki ölkənin bu əməkdaşlığın daha da
genişləndirilməsi üçün böyük potensiala malik olduğu
vurğulanıb.
Tərəflər iki ölkənin dövlət başçıları və xalqları arasında mövcud
olan dostluq münasibətlərinin əməkdaşlığın inkişafında mühüm amil
olduğunu xüsusi vurğulayıblar. Iki ölkə arasında olan mehriban
qonşuluq ruhunda keçən görüşdə Xəzər dənizi məsələləri üzrə
ikitərəfli formatda məsləhətləşmələrin aparılmasının vacibliyi qeyd
olunub. İkitərəfli əməkdaşlığın inkişafı konteksində xarici işlər
nazirləri arasında siyasi məsləhətləşmələrin mütəmadi əsasda
keçirilməsi vurğulanıb.
Həmçinin, qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında
fikir mübadiləsi aparıldı və iki ölkənin beynəlxalq təşkilatlar
çərçivəsində irəli sürdükləri təşəbbüslərə qarşılıqlı dəstəyin
göstərildiyi məmnunluqla qeyd olunub. Eyni zamanda, X.Xələfov
Ermənistanın işğal etdiyi ərazilərimizdə apardığı qeyri-qanuni
iqtisadi fəaliyyətə dair məlumat verib, belə fəaliyyətə qarşı birgə
addımların atılması və əməkdaşlığın gücləndirilməsinin vacibliyi
qeyd edilib.