"Atam heç nə olmamış kimi sadəcə şlyapasını götürdü və çıxıb getdi"

Metbuat.az xəbər verir ki, bu sözlər mərhum, əməkdar artist Vəfa Fətullayevanın anası və atası - xalq artistləri Hökümə Qurbanova və Nüsrət Fətullayevin ayrılığı haqda yazdığı məktubdandır. O, valideynlərinin ayrılığına görə kədərləndiyini belə ifadə edib:

“Sizə yenə anamdan danışmaq istəyirəm, mənim dünyalar qədər sevdiyim əziz anamdan - Hökumə Qurbanovadan. Atam evdən gedəndə çox gənc idim, ancaq həmin səhnə gözlərimin qarşısından getmir. Onların ayrılığı mənə çox təsir etmişdi. Atam heç nə olmamış kimi, sadəcə şlyapasını götürdü və çıxıb getdi. Bizim evin iki girişi var idi: biri əsas girişdən, o biri ümumi həyətdən. O, əvvəlcə həyətə çıxışı olan qapıya yaxınlaşdı, sonra birdən fikrini dəyişdi və əsas tərəfə açılan qapıdan getdi. Və atam bir də heç vaxt bizim evə gəlmədi. Əslində, bu, onun evi idi.

Anam divanda oturub ağlayırdı. O, atamı çox istəyirdi, ancaq onlar ayrılığa, mən isə atasızlığa məhkum olunmuşdum. Anam çarəsizlikdən ağlayırdı. Əlindən başqa heç nə gəlmirdi. Mən ağlaya-ağlaya pəncərə tərəfə qaçdım ki, atamın hansı tərəfə getdiyinə baxım. Atam əsas girişdən çıxdı, bir anlıq dayandı və sonra "Vətən" kinoteatrına tərəf addımlamağa başladı. Mənə elə gəldi ki, o hara gedəcəyi haqqında düşünür. Əslində isə onun gedəcək yeri yox idi. Ancaq o getdi və onsuz da soyuq olan evimiz daha da soyudu.

Əlbəttə biz sonralar hər gün görüşürdük. Bir dəfə soruşdum: "Ata, bizim evdən getdiyin gün harda qaldın?!" Atam başını aşağı salaraq, "Adilin (Adil İsgəndərov - red.) evində gecələdim" - demişdi. Beləliklə, anamın tənhalıq dövrü başladı. Sonra Əliniyaz... Mən ona nifrət edirdim. Onun barəsində heç danışmaq belə istəmirəm. Anamın tənha olmağından istifadə edib, tez-tez qabağını kəsirdi, incidirdi, bəzən təhqir edirdi, hədə-qorxu gəlirdi. Biz Zaurla təzə tanış olmuşduq. Bir gün bütün bunları danışdım. Zaur Əliniyazı evimizin yanında möhkəm döydü və o, anamdan üzr istədi, bir də heç vaxt ona yaxınlaşmadı.

Yazıq anam həyatın bütün çətinliklərini yaşamaq məcburiyyətində qaldı. O, ömrünün sonuna qədər əzab içərisində qovruldu. Onun da qisməti belə yazılmışdı. Sonda isə Allah anama mən boyda bir dərd verdi. Elə bir dərd ki, onu nəinki anam, heç atam belə çəkə bilmədi. Anamın çox dadlı şirniyyatlar hazırlamağı barədə sizə danışmışam, ancaq onun bişirdiyi bir yemək də var idi = pərəməçə. Pərəməçə çeçen yeməyidi. Onu hər adam bişirə bilmir, amma anam çox gözəl hazırlayırdı; dadından doymaq olmazdı. Mehdi Məmmədov barmağlarını yalayırdı. O Mehdi Məmmədov ki, anama demişdi: "Ay Hökumə, adam tapmadın qızı verməyə. Top-top oynayana da qız verərlər?!" Bu sözə görə ona acığım tutmuşdu. Zaur həmin vaxtlarda "Burevestnik" komandasında oynayırdı. Hətta SSSR-i çempionu da olmuşdu bu komanda ilə...

Anamla baglı çoxlu xatirələrim var. Biz bir-birimizdən heç vaxt ayrı yaşamamışıq: anam və mən həmişə bir yerdə olardıq. Bacım Nailə ailə qurmuşdu. O, "Drujba"nın yanında yaşayırdı. Bacımın həyat yoldaşı Spartak Əliyev çox savadlı oğlan olub. 29 yaşında artıq professor, biologiya elmlər doktoru idi. Bu yaşda elmlər doktoru olmaq çox nadir hallarda baş verirdi. Ancaq onların da ailəsi uzun sürmədi, tez ayrıldılar. Buna baxmayaraq, bacım heç vaxt bizimlə yaşamadı. Biz ikimiz qalırdıq. Anam mənə tez-tez zarafatla deyərdi: "Ay Vəfa, mənim atam da, qardaşım da, ərim də sənsən. Daha mənə nə lazımdı?!" Zarafat da olsa, bu sözlərin içində böyük bir tənhalıq yatırdı - Hökumə Qurbanova tənhalığı... Son zamanlar anama çox yazığım gəlirdi. Ağlamaqdan gözləri şişmişdi. Mənim yanımda ağlamazdı, çəkilərdi təklikdə ürəyini boşaldardı. Axı əlindən başqa nə gəlirdi k... Yazıq anam...Baxın, mənim necə gözəl anam olub.

Ana, anacan, eşidirsənmi məni? Axı biz səninlə indi eyni məkandayıq. Ana,səni dünyalar qədər çox sevirəm, eşidirsən, dünyalar qədər sevirəm.

Sənin vəfasız Vəfan...”

Qeyd edək ki, əməkdar artist Vəfa Fətullayeva uzun çəkən xərçəng xəstəliyindən sonra 1987-ci ildə Bakı şəhərində vəfat edib.

Dilarə Zamanova