Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi" çərçivəsində Azərbaycan Respublikasının ərazisində quraşdırılmış Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsində olan məlumatlardan istifadənin qayda və şərtləri"ni təsdiq edib.
"Report"un xəbərinə görə, sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.
Sənəd Azərbaycan ərazisində quraşdırılmış yeni müasir geodeziya istinad sistemi olan Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsində (olan məlumatlardan istifadənin qayda və şərtlərini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyəcək.
Şəbəkə Azərbaycan Respublikasının müxtəlif bölgələrində quraşdırılan 37 istinad stansiyasından və İdarəetmə Mərkəzindən ibarət olub, 24 saat ərzində fasiləsiz alınan və bütün geodeziya ölçü işlərində tətbiq olunan santimetr dəqiqliyi səviyyəsində Real Zaman Kinematikası (RZK) və metr dəqiqliyi səviyyəsində Diferensial Qlobal Naviqasiya Peyk Sistemi (DQNPS) ölçmələrinin məlumatlarını qəbul və emal edən və istifadəçilərə yüksək dəqiqlikli korreksiyaları (düzəlişləri) ötürən müxtəlif funksiyalı serverlərlə təchiz edilmiş müasir idarəetmə sistemidir.
Şəbəkədən istifadə etməklə geodeziya, topoqrafiya, kartoqrafiya, qravimetriya, mühəndis-geodeziya ölçmələri, yerquruluşu kadastr işləri, yeraltı kommunikasiya işləri, miqyaslı planaalma və digər müxtəlif təyinatlı ölçmə işləri eyni sistemdə və formatda daha tez və daha az xərclə yerinə yetirilir.
Şəbəkənin stansiyaları bir-birindən 30-40 km məsafədə, təhlükəsizlik mühafizələri nəzərə alınmaqla və daha asan əlaqələrin qurulması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin balansında olan binaların üzərində, habelə dövlət mülkiyyətində olan digər ərazilərdə yerləşdirilir.
Şəbəkənin istismarının təşkili və Şəbəkənin xidmətlərinin fasiləsizliyi (sistemdən qaynaqlanan gecikmələr istisna olmaqla) istifadəçilərdən xidmət haqqına görə əldə olunan vəsait hesabına İdarəetmə Mərkəzi tərəfindən təmin edilir.
Şəbəkəyə qoşulmaq istəyən dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi Tarif (qiymət) Şurasının müəyyən etdiyi tariflər əsasında İdarəetmə Mərkəzi ilə bağlanılmış müqavilə əsasında həyata keçirilir.
Şəbəkənin məlumatlarından istifadə edilməsinin qayda və şərtləri aşağıdakı mərhələlər üzrə aparılır:
1. istifadə üçün müraciət,
2. qeydiyyat və qoşulma,
3. məlumatların əldə edilməsi və onlardan istifadə,
4. İstifadəçilərə xidmət və nəzarət.
İdarəetmə Mərkəzi Şəbəkədən istifadə etmək üçün İstifadəçiləri xüsusi giriş imkanları ilə (şəbəkəyə qoşulma parametrləri ilə - istifadəçinin adı, şifri, IP ünvanı və port nömrəsi) təmin edir.
Xidmətlərdən istifadə edilməsi üçün İdarəetmə Mərkəzi xidmətlərə 24 saatlıq çıxışın olmasını, qanunla müəyyən edilmiş bayram günləri istisna olmaqla, bazar ertəsindən cümə gününə kimi saat 9-00-dan saat 18-00-dək texniki dəstək və telefon yardımını, İstifadəçilərlə müqavilə bağlanıldıqdan sonra müqavilədə əksini tapmış xidmətlərin həyata keçirilməsini təmin etməlidir:
İstifadəçilər Şəbəkədən istifadəyə görə Tarif (qiymət) Şurasının müəyyən etdiyi tariflər əsasında ödəniş həyata keçirirlər.
İstifadəçilər sifariş anketində göstərdiyi e-mail ünvanına gələn istifadəçinin adı, şifri, IP ünvanı və port nömrəsi vasitəsilə müqavilədə nəzərdə tutulan müddətdə Şəbəkənin məlumatlarından istifadə edirlər. Şəbəkənin tərkibinə 0,02 - 0,04 metr dəqiqliyində və 1 herts tezliyində GSM - GPRS onlayn mobil internetlə qəbul edilib ötürülə bilən Real Zaman Kinematikası (RZK) ölçü məlumatları və 0,3 - 0,5 metr dəqiqliyində və 1 herts tezliyində GSM - GPRS onlayn mobil internetlə qəbul edilib ötürülə bilən Diferensial Qlobal Naviqasiya Peyk Sistemi (DQNPS) ölçü məlumatları daxildir.
Şəbəkə sistem tərəfindən onlayn şəklində müvafiq proqram paketi vasitəsilə sonradan emal üçün dəqiq məlumatlar almağa imkan verir.
Xidmətin göstərilməsi zamanı İdarəetmə Mərkəzinin məsuliyyət daşımadığı hallar aşağıdakılardır:
1. İstifadəçilərin avadanlığının nasazlığı, simsiz xidmət və ya istənilən kommunikasiya avadanlıqlarının siqnal yayımının olmaması,
2. İstifadəçilərin çöl-tədqiqat ərazisində siqnalların qəbulunun məhdudluğu,
3. İstifadəçilərin və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində, habelə fors-major hallarında zərər, ziyan və ya xərclərin olması.
İstifadəçilər müqavilənin şərtlərini pozduğu halda, pozuntu nəticəsində dəymiş zərəri ödəməlidirlər.
İstifadəçilər GSM-GPRS funksiyalı GNSS qəbuledicisinin sistemlə uyğunluğunu təmin edirlər.
İstifadəçilərin adının fəaliyyət müddəti İdarəetmə Mərkəzi tərəfindən aktivləşdirildiyi tarixdən başlayaraq, müqavilədə nəzərdə tutulmuş bütün dövrü əhatə edir.
İdarəetmə Mərkəzi Şəbəkənin bütün növ sonradan emal məlumatlarını, yalnız son 90 gün üçün saxlayır və əlavə ödəniş müqabilində İstifadəçiləri bu məlumatlarla təmin edir.
Şəbəkə vasitəsilə İstifadəçilər WGS-84 ellipsoidi əsasında istənilən koordinat sistemində məlumatlar əldə edirlər.
Şəbəkə vasitəsilə İstifadəçilər ellipsoidal hündürlük əldə edirlər.
İstifadəçilər istifadələrində olan hesablama proqramı vasitəsilə şəbəkənin məlumatlarını yükləyib yararlanaraq hesablamalar aparır və şəbəkənin təklif etdiyi onlayn struktur sayəsində bu ölçmələri avtomatik olaraq sistem üzərindən həyata keçirirlər.
İdarəetmə Mərkəzi İstifadəçinin Şəbəkəyə qoşularkən hərəkət trayektoriyasını izləyir.
İdarəetmə Mərkəzi İstifadəçilərin Şəbəkəyə qoşulduğu ərazini və həmin ərazidə olduğu tarixi və vaxtı qeydə alır.
İdarəetmə Mərkəzi İstifadəçilərin əldə etdiyi koordinatları və müvafiq göstəriciləri və Şəbəkədə İstifadəçilər tərəfindən hansı istinad stansiyalarından istifadə edilməsinə nəzarəti təmin edir.
İdarəetmə Mərkəzi əldə olunan məlumatları heç kimlə bölüşmür.
İstifadəçilər müqaviləni ləğv etmək istədikdə, bu tələbini yazılı surətdə, faksla və ya elektron poçt vasitəsilə bildirməlidirlər.
İstifadəçilərə edilən xidmət bildirişin təqdim edildiyi gün dayandırılır. İdarəetmə Mərkəzi bildirişi aldığı gündən etibarən 5 iş günü müddətində İstifadəçilərin tələbini yerinə yetirməli və onu İstifadəçilərə bildirməlidir.
Müqavilə müddəti bitdikdə, müqavilə yenidən bağlanılmadığı halda, istifadəçilərin abunəliyi 3 gün müddətində ləğv edilir.
İdarəetmə Mərkəzi İstifadəçilərin müqaviləsində göstərilən məlumatların saxta və yanlış olduğunu aşkar etdikdə, İstifadəçilər tərəfindən bu halın əksi sübut edilənədək xidmətin dayandırılmasına, əksi sübut edilmədiyi halda isə 1 ay müddətində İstifadəçilərin istifadəsinə İdarəetmə Mərkəzi tərəfindən birtərəfli qaydada xitam verilməsinə və müqavilənin ləğvinə yol verilir.
İdarəetmə Mərkəzi göstərdiyi xidmətdə texnologiyanın tələb etdiyi müvafiq dəyişiklikləri İstifadəçilərə bildirərək, həyata keçirmək hüququna malikdir. Bu dəyişiklik yeni qəbuledicilərin istifadəsini və ya İstifadəçilərə məxsus qəbuledicilər üzərində texniki dəyişikliklərin edilməsini tələb edirsə, bundan irəli gələn xərcləri İstifadəçilər ödəməlidirlər. Belə dəyişikliklər ildə bir dəfədən çox olmamalıdır.
İstifadəçilər müraciətində göstərdiyi qəbuledici və GPRS modemlə sistemdən faydalanır. Fərqli qəbuledici, modem, İstifadəçilərin adı və ya şifrindən istifadə olunduğu təqdirdə Şəbəkədən istifadə ləğv edilir və İstifadəçilərin ödədiyi abunə haqqı geri qaytarılmır.