Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandıran bəzi ərəb ölkələri ötən gün rəsmi Doha ilə diplomatik münasibətləri kəsib.
Bunun ardınca Türkiyə Qətərə dəstək olaraq, əsgərlərini ölkə ərazisini göndərəcəyini açıqlayıb. Hətta Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsi barədə sazişin ratifikasiya edilməsi haqqında sərəncam imzalayıb. Türkiyənin bu qərarından sonra isə Pakistan hərbi qulluqçularını Qətərə göndərəcəyi barədə məlumat yayıb.
“Qətər Türkiyə və Pakistan üçün son dərəcə maraqlı bir ölkədir”.
Bu sözləri Metbuat.az-a açıqlaması zamanı siyasi şərhçi Vüqar Zifəroğlu bildirib.
Onun sözlərinə görə, Türkiyə-Qətər münasibətlərində həmişə bu iki ölkənin bir-birinə dəstək verdiklərinin şahidi olmuşuq:

“Xatırlayırsınızsa, Misir hadisələri zamanı rəsmi Ankara bu çevrilişi qınamışdı. Əslində, Türkiyənin bu münaqişədə Qətərin yanında olması təəccüblü deyil. Hazırda Türkiyə tərəfi münaqişənin tez bir zamanda həll olunması üçün çalışır. Hər halda, Türkiyə aktiv şəkildə böhranın həlli üçün dövriyyəyə girib. Rəsmi Ankara böhranın daha da dərinləşməsinin qarşısını almaq üçün diplomatik səylərdən istifadə edəcək. Bununla bağlı artıq Türkiyə Xarici İçlər Nazirliyinin rəsmi saytında da müvafiq açıqlama yer alıb. Burada Türkiyənin münaqişə və fikir ayrılıqlarını qarşılıqlı anlaşma yolu ilə həll etməyə çağırır.
Münaqişlər danışıqlar yolu ilə həll olunacaq
Qətərin yanında Türkiyənin yer alması əslində yeni bir hal deyil. Onların maraqları bir çox məsələdə birləşir. Türkiyə Qətərlə həmin ölkələr arasında körpü rolunu oynayacaq. Onlar arsındakı bu münaqişlər danışıqlar yolu ilə həll olunacaq”.
Qeyd edək ki, Türkiyə parlamentinin ratifikasiya etdiyi saziş 2014-cü ildə imzalanıb. Həmin sazişdə Qətər ərazisində Türkiyənin hərbi bazasının yaradılması nəzərdə tutulub.
Xəyalə Məmmədova / METBUAT.AZ