Qeyd etdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsinə dair sazişin ratifikasiya edilməsi haqqında sərəncam imzalayıb.
Metbuat.az xəbər verir ki, Türkiyə və Qətər arasında "İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair 2014-cü il sazişi"nə əsasən, türk hərbçilər Qətəri hava və sudan qorumaq öhdəliyi də götürüb.
Qeyd edək ki, Türkiyə parlamenti qeyd olunan sazişi ratifikasiya edib.
“Türkiyə Qətərlə geniş ticarət əlaqələrinə
malikdir”.
Bu
sözləri Metbuat.az-a açıqlamasında
siyasi şərhçi Vüqar Zəfəroğlu deyib.
“Türkiyənin Qətərlə iqtisadi platformada ciddi müttəfiq münasibətləri var. Şübhəsiz ki, rəsmi Ankaranın atdığı addımlarda bu amil də son dərəcə ciddi faktor olaraq qəbul edilməlidir. Digər tərəfdən, hər iki ölkə arasında 2014-cü il hərbi razılaşması var. Bu gün kiçik sayda olsa belə, türk hərbi kontingentinin Qətər ərazisinə yerləşdirilməsi həmin müqavilənin şərtlərinin irəli çəkilməsi ilə də izah oluna bilər. Lakin burada əslində cavabı verilməli olan sual başqadır: Türkiyənin ərəb qarşıdurmasında bu qədər açıq şəkildə tərəf tutması nə dərəcədə doğrudur? Təbii ki, bu suala cavablar müxtəlif ola bilər və fikirlərin əsaslandırılması üçün gətirilən arqumentlər də müxtəlifdir. Hər halda Ankaranın daha loyal mövqe sərgiləyərək digər ərəb ölkələri, xüsusilə də ticarət dövriyyəsi kifayət qədər yüksək olan Səudiyyə Ərəbistanı ilə münasibətlərinə xələl gətirməyəcək dərəcədə neytrallıq nümayiş etdirməsi daha doğru olardı”.
“Proseslərin Azərbayacan təsiri
gözlənilmir”
“Azərbaycana isə proseslərin prinsipial təsiri olmayacaq. Bizim hər iki ölkə ilə xoş münasibətlərimiz var. Azərbaycan bir neçə gün əvvəl İslam həmrəyliyinə çağırış edən idman oyunlarına ev sahibliyi etdi. Bu il ölkəmizdə "İslam Həmrəyliyi” ili elan edilib. Biz İslam sivilizasiyasının həmrəylik və sülh içində olmasına çağırış edirik. Azərbaycan iki ölkə arasında münasibətlərin tezliklə yoluna qoyulmasında maraqlıdır”.
Aytən Novruzova / Metbuat.az
