Günel: "Azərbaycan şou-biznesindən xəbərim yoxdur, izləmirəm" - FOTO

Günel: "Azərbaycan şou-biznesindən xəbərim yoxdur, izləmirəm" - FOTO
12:22 8 Yanvar 2015
315 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az müğənni Azəri Günelin “qafqazinfo”ya müsahibəsini təqdim edir:

-  Konsert vermək haqda düşünmürsünüz?

- Təbii ki, istəyirəm ki, Bakıda konsert verim. Konsert verməyin vaxtı artıq gəlib çatıb. Bu il konsert proqramı ilə tamaşaçıların qarşısında çıxış etməyi düşünürəm. Konsert bir növ tamaşaçının qarşısında verdiyin hesabatdır. Allaha şükür, məndə canlı oxumaq heç vaxt problem olmayıb. Tamaşaçılarıma canlı musiqi ziyafəti vermək istəyirəm.

-  Son vaxtlar Azərbaycana tez-tez gəlirsiniz. Bu dəfəki gəlişinizin səbəbi nədir?

- Bu dəfə el şənliyinə gəlmişəm, bir çox məclislərə dəvət olunmuşam. Konsert barədə danışıqlar gedir, buradakı işlərimi həll edirəm. Eyni zamanda ailəm, dostlarım da buradadır. Bayramdır, onlarla da vaxt keçirmək istəyirəm. Yəni bir müddət Bakıdayam.

-  Azərbaycan şou-biznesini izləyirsinizmi?

- Azərbaycan şou-biznesindən xəbərim yoxdur, izləmirəm, ona görə bu haqda heç nə deyə bilmərəm. Amma istəyirəm ki, bizim şou-biznesimiz inkişaf etsin.

- Azərbaycanlı sənət adamlarının əksəriyyəti Türkiyə şou-biznesinə qatılmağa çalışır. Bir neçə müğənni də etiraf etdi ki, bizim sənətçiləri orada qəbul etmirlər. Siz necə düşünürsünüz?

- 12 yaşımdan orada olduğum üçün məni artıq mənimsəyiblər. Məni öz övladları, sənətçiləri olaraq görürlər. Düşünmürəm ki, bizim sənətçiləri orada qəbul etmirlər. Səsi olan müğənniyə Türkiyə şou-biznesində yer var. Bizim sənətçilərin orada tanınması, sevilməsi məni qürurlandırar.  Elnur Hüseynovun səsi Türkiyəni heyran etdi və bu, məni çox sevindirdi. İnanıram ki, Elnur Türkiyə şou-biznesində özünə layiqli yer tutacaq.

- Sizin Türkiyədə daha çox tanınmaq şansınız olsa da, bundan istifadə etmirsiniz. Hər zaman bir addım arxada dayanırsınız.

- Mən Türkiyədə kifayət qədər məşhuram. Hər getdiyim yeri, yaradıcılıq yeniliklərimi  göstərsəm, bilərsiniz ki, mən dayanmıram, daim çalışıram. Türkiyədə, Avropada konsertlərdə çıxış edirəm. Bir çox tanınmış proqramlara qatılıram. Lakin özümü reklam etməyi sevmirəm, bir az da tənbələm.

- Sizin şansınız orada populyar olmaq üçün daha çox idi?

-  Populyar olmaq üçün hələ də şansım var. Bir az passivəm. Lakin artıq daha çox çalışmağa başlamışam, təxirə saldığım layihələri bu ildən həyata keçirəcəm. Məni artıq tanıdıqları üçün  içimdə rahatlıq var. Adımı bilməyən də, Azəri qızı kimi tanıyır.

-  Qonaq olduğunuz proqramlarda Azərbaycan mentalitetindən, adət-ənənələrindən söhbət açırsınız.

-  Adət-ənənələri söyləmək bizim borcumuzdur. Türklər Avropaya qatıldığı üçün adət-ənənələri o qədər önəmli hesab etmirlər. Bizdə də artıq adət-ənənələrdən uzaqlaşan insanlar var. Məsələn: artıq qızlar ərə getməmiş qaşlarını alırlar. Hər hərəkətimi düşünərək edirəm. İstəmirəm ki, Türkiyədə bizim haqqımızda pis şeylər düşünsünlər. Azərbaycandan Türkiyə şou-biznesinə qatılan insanlara demək istəyirəm ki, gözəl şəkildə adımızı təmsil etsinlər. İstəmirəm ki, mənə desinlər ki, sizin filan sənətçiniz gəlmişdi, belə-belə hərəkətlər etdi.

- Qızların qaş almaması adəti haqda, demək olar ki, hər proqramda danışırsınız. Bu haqda danışmaq nə qədər önəmlidir?

- Qızların qaş almaması bizim ənənələrdən biridir. Hər dəfə də mənə qaşlarım haqda sual verirlər. Bilirsiniz ki, əvvəl qaşlarım Recep İvedikə bənzəyirdi. Nazık qaş sevmirəm, qaşı formaya salmaq lazımdır, biz sənətçiyik. Amma gəlin kimi qaşlarımı almağı doğru hesab etmirəm. Mənim qaşlarım artıq bir brend olub. Hər dəfə danışılır. Stilist Anar Ağakişiyev də deyir ki, qaşlarına əl vurma.

- Başqa hansı azərbaycanlı stilistlərlə çalışırsınız?

- Azərbaycanda yalnız Anar Ağakişiyevanın yanına gəlirəm. Onun əməyi mənim üzərimdə böyükdür, o daha yaxşı bilir ki, mənə hansı makiyaj yaraşır, hansı saç forması üz quruluşuma uyğun gəlir. Bir dəfə başqa bir stilistin yanında oldum, məni pis günə salmışdı.

- Günel baxımlı olmaq üçün nələr edir?

-  Vaxtım olduqca üz baxımına gedirəm. Özümə çox diqqət ayırmıram. Dieta saxlayıram, hər kəs arıqlamısan deyir. Bizdə arıq insanı sevmirlər, görən deyir ki, xəstəlik tutmusan? Ekranda 5-6 kilo artıq göründüyüm üçün arıq olmaq istəyirəm. Allaha şükür ki, başqa heç bir problemim yoxdur.

-  Özəl həyatınız haqda danışmaqdan daim imtina edirsiniz. Günelin həyatında biri varmı?  Sizdən toy xəbərini nə zaman eşidəcəyik?

- İnşallah, toy xəbərimi də eşidərsiniz. Bilirsiniz ki, özəl həyatım haqda danışmıram. Toyum olanda hər kəs biləcək, bilmirəm toy mənə nə zaman qismət olacaq. Əvvəlcədən də danışmağı sevmirəm. Mənə əvvəldən danışmaq  düşmür, son olaylar da bunu təsdiq etdi. Ona görə artıq danışmaq istəmirəm.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/317895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR