ATƏT-in Minsk qrupunun fəaliyyəti

ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, bildirilənlər demək olar ki, kağız üzərində qalıb.

Metbuat.az xəbər verir ki, 1992-ci illərin əvvəllərindən başlayaraq, beynəlxalq əhəmiyyətli problemə çevrilən münaqişənin nizamlanması istiqamətində beynəlxalq birliyin qətiyyətli addımını görmək qeyri-mümkündür.

Münaqişənin nizamlanmasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun “fəaliyyəti” isə yalnız turist gəzintilərindən fərqlənməyən vaxtaşırı səfərlərdən və söz yığınından ibarət olan mənasız bəyanatlardan ibarətdir. Artıq Minsk qrupunun fəaliyyətsizliyi göz qabağındadır.

Metbuat.az ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı millət vəkilləri arasında keçirdiyi sorğunu təqdim edir:

Azərbaycan Mətbuat Şurasının Sədri, millət vəkili Əflatun Amaşov

“ATƏT-in Minsk qrupunun fəaliyyətini çox mənfi qiymətləndirirəm. Minsk qrupu əməli işlərlə məşğul deyil. Yalnız müəyyən səfərlər edirlər. Hər şey aydındır, Azərbaycan torpaqları işğal olunub. Bunun üçün də müəyyən müzakirə predmetləri olub. “Madrid prinsipi”, “Kazan danışıqları”nın nəticələri və digər məsələlər. Münaqişənin həlli yolu bəllidir. Erməni qoşunları zəbt etdikləri torpaqları boşaltmalıdırlar. Azərbaycanın tələbləri haqlı tələblərdir. Çox təəssüf ki, erməni tərəfi bunları nəzərə alaraq, nəticələrdən qorxaraq, danışıqları uzadırlar. Müəyyən bəhanə axtarır və müəyyən provakasiyaya gedirlər. Onlar bu məsələni daha çox dondurmaq barəsində məşq edirlər. Əgər siz erməni mətbuatını diqqətlə izləsəniz görərsiniz ki, onlarda elə qruplar var ki, hətta bir qarış torpağın geri qaytarılmasını istəmirlər. Digər qruplar isə danışıqlara getməyi lazım bilirlər. Ancaq cəm halında Ermənistanın ayrı-ayrı partiyaları danışıqlardan hələ də qaçmağa cəhd edirlər. Minsk qrupunun fəaliyyəti məni ona görə qane etmir ki, real vəziyyəti bilə-bilə düzgün rəyə gəlmirlər. İşğalçı bərədə demirlər ki, siz işğalçı dövlətsiniz, zəbt etdiyiniz torpaqları azad edin. Minsk qrupunun həmsədrlərinin regiona gəlib-getmələri ilə bağlı heç bir gözlənti yoxdur. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Danışıqlar səmərə verməsə, Azərbaycan müxtəlif yollarla öz torpaqlarını azad edəcək. Bir qarış torpağımızı da güzəştə getməyəcəyik”.

Millət vəkili Fazil Mustafa


“Minsk qrupunun fəaliyyəti Ermənistanın maraqlarına təsir etmək, amma bunu açıqca göstərməməkdən ibarətdir. Bu oyuna hakim təyin olunub, amma hakim Ermənistanın maraqlarına xidmət üçün təyin olunub. Ortalıqda boş-boşuna qaçmaqla məşğuldurlar. Heç bir qaydanı, ədaləti gözləmək istəmirlər. Ona görə də Minsk qrupunun fəaliyyəti Azərbaycan üçün heç bir halda qaneedici ola bilməz. Danışıqları, formatı yeniləməyə gücümüz yoxdur. Minsk qrupunu çətin vəziyyətdə qoymaq üçün torpaqları işğaldan azad etmək üçün hərbi yola əl atmalıyıq, bunu etməliyik. Əks halda, Minsk qrupu bizə hər hansı şəkildə yenilik, dəyişiklik gətirməyəcək”.

Millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov

“ ATƏT-in Minsk qrupu 1992-ci ilin mart ayında yaradılıb. 2017-ci ilin martında artıq 25 ildir ki, fəaliyyəti davam edir. Artıq 26-cı il başlayıb. Onun fəaliyyətinə qiymət versək, əslində fəaliyyətinin heç bir real nəticəsi yoxdur. ATƏT-in Minsk qrupu hər zaman bir şeylə öyünürdü və deyirdi ki, əgər ATƏT-in Minsk qrupunun fəaliyyəti olmasa idi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi çoxdan müharibəyə çevrilmiş olardı. Lakin Aprel döyüşləri göstərdi ki, artıq belə öyünməyə də ciddi əsas yoxdur. Çünki, Aprel döyüşləri göstərdi ki, münaqişə “dondurulmamış münaqişə”dir. İstənilən halda müharibəyə çevrilə bilər və onun qarşısını almaqda ATƏT-in Minsk qrupu acizdir. Bütün bu hərəkətlər bir daha üzə çıxdı. Bu nöqteyi-nəzərdən bəli, Minsk qrupunun təəssüf ki, fəaliyyətində heç bir irəliləyişin şahidi olmamışıq. Yenə də ünvansız bəyanatlar verirlər. İyunun 10-da İrəvana səfər etdilər. İyunun 12-də Dağlıq Qarabağ ərazisində səfərdə oldular. İyunun 19-da isə Azərbaycanda səfərdə oldular. Yekun bir bəyanatla çıxış etdilər, bu bəyanata da diqqət yetirsək, əvvəlki verdikləri çoxsaylı bəyanatlardan xüsusi heç nə ilə seçilmir. Hətta separatçı rejimi de-fakto hakimiyyət kimi də adlandırırlar. Bütün bunlar hamısı onu göstərir ki, belə yanaşmalarla, belə mövqe ilə, balanslı yanaşmalarla münaqişəni həll etmək olmaz. Hər bir şey öz adıyla çağrılmalıdır. İşğalçıya işğalçı deyilməlidir, təcavüzkara təcavüzkar deyilməlidir. Ara-sıra belə fikirlər səslənir ki, ATƏT-in Minsk qrupunun formatında dəyişiklik olsun və yaxud da ki, Minsk qrupu başqa bir formatla əvəz edilsin. Məsələ ilə bağlı mövqeyim ondan ibarətdir ki, Minsk qrupunun 3 həmsədr dövləti də xristian dövlətləridir. İşğalçı dövlət Ermənistan da xristian ölkəsidir. İşğala məruz qalan Azərbaycan isə müsəlman ölkəsidir. Bu nöqteyi-nəzərdən bu həm də mədəniyyətlərarası dialoq baxımından, dinlərarası dialoq baxımından da yerinə düşər ki, burda paritet (bərabərlik) əmələ gəlsin. Yəni, prosesdə iştirak edən 4 xristian dövləti var ki, biri təcavüzkar ölkədir ki, vasitəçilik funksiyasını həyata keçirir. Çox yaxşı olardı ki, Türkiyə müsəlman ölkəsi olaraq, bu prosedə həmsədr kimi fəaliyyət göstərərdi. Çox yaxşı olardı ki, Pakistan, Qazaxıstan müsəlman ölkəsi olaraq, bu prosesdə fəaliyyət göstərərdi. Nəticədə indiki kimi dördün birə nisbəti deyil, dördün dördə nisbəti olardı. Hesab edirəm ki, bu daha effektli, daha səmərəli bir nəticə əldə etməyə imkan verərdi”.

Millət vəkili Aydın Mirzəzadə


“ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ problemində fəaliyyəti sadəcə olaraq vasitələrdən biri deyil. Gələcək planlar ancaq bu qurumla bağlı deyil. Sadəcə olaraq, Azərbaycan istəyir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə beynəlxalq ictimaiyyətin adından 3 böyük dövlətlə münasibət bildirsin. Nəzərə alsaq ki, 3 dövlət elə seçilib ki, həmin dövlətlərin hər iki ölkə ilə, həm Azərbaycan, həm Ermənistanla münasibətləri var. Həm də proseslərə ciddi təsir etmək resurslarına malikdirlər. Qurum ümumilikdə üzərinə düşən vəzifəni tam səlahiyyəti ilə yerinə yetirmir. Beynəlxalq hüquq normalarına söykənərək çıxış etmir. Hesab edirəm ki, bundan daha səmərəlisi yaranmayana qədər həmin formatdan imtina etmək düzgün olmazdı. Çünki, formatdan imtina etmək problemin həllini qeyri-müəyyənliyə saxlamaq və böyük dövlətləri bu məsələdə məsuliyyətdən azad etmək demək olardı. Nə qədər nəticəsiz olsa da, Azərbaycan ATƏT-dən, konkret olaraq, Minsk qrupunun həmsədrlərindən problemin həllinə gündəlik diqqət etməyi və üzərinə düşən vəzifəni yerinə yetirməyi davam etdirir”.

Millət vəkili Çingiz Qənizadə


“Hər bir Azərbaycan vətəndaşı ATƏT-in Minsk qrupundan gözlədiyi nəticələri əldə edə bilməyəndə təbii ki, hiddətlənir, narazılıq bildirir. Qrupun məqsədi məsələni sülh yolu ilə həll etmək idi, amma artıq 25 ildir ki, onlar heç nə eləmək istəmirlər. Necə sülh yolu ilə həll edirlər ki, hər gün ermənilər atəşkəs rejimini pozurlar, təxribat qrupu göndərirlər. Dinc əhaliyə qarşı ağır artilleriyadan istifadə edirlər, snayperlərdən istifadə edirlər. ATƏT-in Minsk qrupu da bu məsələdə loyallıq, sürüşkən siyasət, yumşaq siyasət, işğalçını öz adıyla adlandırmamaq siyasəti yürüdür. Ona görə də təbii ki, biz çox narazıyıq. Bu cür davam etmək yalnız ermənilərə xidmət etməkdən başqa bir şey deyil”.

Aytən Novruzova / Metbuat.az





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR