[ 29 Mart 2015 16:57 ]
Bakı-APA. Martın 28-də Azərbaycan milli təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü tamam olub. Peşə bayramı münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
MTN-in İctimai əlaqələr idarəsindən APA-ya verilən məlumata görə, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.
Sonra Şəhidlər xiyabanında şəhidlərin məzarları ziyarət olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Bayram tədbiri Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilib. Milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov bu xüsusi təyinatlı ali təhsil ocağının şəxsi heyətini, kursantları və dinləyiciləri Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 96 illiyi münasibətilə təbrik edib.
Sonra kursantlar təntənəli marşla tribunanın önündən keçiblər. Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən əməkdaşlara “Şöhrət” muzeyində mükafatlar təqdim olunub.
General-polkovnik Eldar Mahmudov təltif olunanları bir daha təbrik edərək, çağdaş dövrdə milli təhlükəsizliyə cavabdeh strukturdan daim yüksək peşəkarlıq, çeviklik və səriştə tələb olunduğunu vurğulayıb, xüsusi xidmət orqanlarının dövlətimizin başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkənin qüdrətlənməsi siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfələrini verəcəklərinə əminliyini bildirib.
Nazir Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyinin müasir tələblərə uyğun inkişafı, maddi-texniki bazasının güclənməsi və şəxsi heyətin sosial müdafiəsinin xeyli yüksəlməsi istiqamətində Ali Baş Komandanın diqqət və qayğısını xüsusi vurğulayıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bütün şəxsi heyətin adından dərin minnətdarlığını bildirib.
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə ümummilli lider Heydər Əliyevin adını daşıyan bu xüsusi təyinatlı ali təhsil ocağının inkişafındakı xidmətlərinə görə dövlətimizin başçısına minnətdarlıq edib.
Daha sonra Milli Təhlükəsizlik Nazirliyinin yeni tikilmiş Beynəlxalq Təlim Mərkəzinin inzibati binasının açılışı olub.
Təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü münasibətilə təntənəli mərasim Milli Təhlükəsizlik Nazirliyinin akt zalında daha geniş tərkibdə davam etdirilib.
Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.
Milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov mərasimdə çıxış edib. General-polkovnik Eldar Mahmudov ötən ilin Milli Təhlükəsizlik Nazirliyi üçün də uğurlu olduğunu, Azərbaycan Respublikasında təhlükəsizliyin etibarlı şəkildə təmin edildiyini, sabitliyin qorunub saxlanıldığını diqqətə çatdırıb.
Yığıncaqda Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadə çıxış edərək deyib ki, prezident İlham Əliyevin müdrik, inamlı və son dərəcə cəsarətli daxili və xarici siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə dinamik şəkildə inkişaf edir, əhalinin sosial-müdafiəsi istiqamətində ardıcıl addımlar atılır, ictimai-siyasi sabitlik dönməz xarakter alır, Vətənimizin siyasi-iqtisadi nüfuzu və çəkisi dünyada ildən-ilə möhkəmlənir. Ermənistan artıq dünya birliyi tərəfindən təcavüzkar ölkə kimi tanınıb, Azərbaycan regionda lider dövlətə çevrilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunub.
Təntənəli mərasimdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və təltif olunmaları barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 mart tarixli sərəncamları elan olunub.
Xidmətdə fərqlənmiş əməkdaşların mükafatlandırılması barədə milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun əmrləri elan olunub, təhlükəsizlik orqanlarının veteranlarına qiymətli hədiyyələr təqdim edilib.
Tədbirin sonunda təltif olunan əməkdaşlar və veteranlarla xatirə şəkli çəkdirilib.