Rusiya və Türkiyə hərbçiləri təhlükəsizliyə nəzarət etmək üçün Suriyanın İdlib əyalətinə göndərilə bilər.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın bildirib:
“Rusiya və Türkiyə hərbçiləri İdlibə göndərilə bilərlər”.
Kalının sözlərinə görə, hazırda İdlibə göndərilə biləcək hərbçilərin sayına dair danışıqlar aparılır.
“İŞİD-ə qarşı mübarizədə fərqli mənzərə yaranıb”.
Bu sözləri Metbuat.az-a millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib:
"Hesab edirəm ki, təəccüblü bir şey yoxdur. Məsələ ondadır ki, Türkiyə prezidenti Ərdoğan ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putinlə telefon danışıqları aparıb. Danışıqların əsas müzakirə məsələlərindən biri Suriya böhranı olub. Suriya ilə bağlı vəziyyət artıq getdikcə finişə yaxınlaşmaqdadır. Hələb uğrunda gedən döyüşlərdə Suriya hökümət qüvvələrinin qazandığı qələbələr və bu prosesdə Rusiyanın dəstəyi nəticə etibarilə Bəşər Əsədə qarşı Qərbin mövqeyində də müəyyən dəyişiklikləri şərtləndirib. Əvvəlki ABŞ adminstrasiyasından fərqli olaraq, hazırki ABŞ adminstrasiyası "Bəşər Əsəd hakimiyyətdən getsin" kimi tələblər irəli sürmür. Yəni, Bəşər Əsədin hakimiyyətdən getməsi və ya qalması rəsmi Vaşinqton üçün bu gün xüsusi əhəmiyyət kəsb etmir. İndi İŞİD-ə qarşı mübarizə prosesində artıq fərqli mənzərə yaranıb və İŞİD artıq məğlub tərəf kimi qəbul olunmaqdadır. Belə olan təqdirdə digər dövlətlər, eyni zamanda Türkiyə və Rusiyanın da əməkdaşlığı üçün yeni imkanlar açılır. Yəni, əvvəllər Suriya böhranının tənzimlənməsində bir qədər müəmmalar çox idisə, daha dumanlı idisə, indi artıq məlum olur ki, rəsmi Moskvanın bu məsələdə qətiyyətli davranışı, xüsusilə Vladimir Putinin güzəştsiz siyasəti ona gətirib çıxarır ki, Suriya böhranının tənzimlənməsi prosesində Bəşər Əsədin hakimiyyətdən getməyəcəyi ilə digər tərəflər də barışmaq məcburiyyətində qalırlar. Bu artıq yeni reallıqdır.
Bu yaxınlaşmanın motivlərini başa düşmək mümkündür
Yeni reallığın mahiyyəti ondan ibarətdir ki, hökümət qüvvələrinin bu qarşıdurmanı İŞİD-ə və eyni zamanda anti-hökümət qüvvələrinə qalib gəlmək şansı kifayət qədər böyükdür. Bu təkcə sözdə deyil, konkret addımlarda müşahidə olunmaqdadır. Bu reallıq fonunda hesab edirəm ki, yeni Suriyada Türkiyənin də, Rusiyanın da, ABŞ-ın da öz maraqlarını müdafiə etmək niyyəti ortaya qoyulub. Bu nöqteyi-nəzərdən həm Ankaranın, həm də Moskvanın mövqeyində daha çox üst-üstə düşən məqamlar diqqəti cəlb edir. Yəni, Bəşər Əsədin hakimiyyətdə qalması reallığı yeni mənzərəni şərtləndirir. Bu mənzərədən çıxış edərək də vaxtilə bir-birinə qarşı dayanan tərəflərin, konkret desək Rusiya və Türkiyənin mövqeyində anlaşma elementlərinin daha çox artdığının şahidi oluruq. Hesab edirəm ki, indiki halda bu yaxınlaşmanın motivlərini başa düşmək mümkündür”.
Rusiya və Türkiyə razılığa gəldi - ABŞ-ı vuracaqlar- Oxumaq üçün tıkla
Aytən Novruzova / Metbuat.az