Azərbaycan və Ermənistan xarici işlər nazirləri iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində görüşə bilərlər.
Bu barədə Metbuat.az-a açıqlama verən siyasi şərhçi Mübariz Əhmədoğlu bildirdi ki, beynəlxalq təşkilatlar Ermənistana təziq göstərir:
“Edvard Nalbandyanın Ermənistan parlamentində Dağlıq Qarabağ məsələsi ilə bağlı ötən gün dediyi fikirlər ciddi suallar yaradır. O deyir ki, Dağlıq Qarabağın iştirakı olmadan heç bir sənəd imzalanmayacaq. Əlavə edib ki, Vyanada ATƏT-in arxivinə verilən sənədlərin hamısında bu göstərilir. İndi ermənilərdə belə bir inam var ki, hansı sənəd arxivə verilibsə, o sənəd danışıqlar masasında olmayacaq. Edvard Nalbandyanı məcbur edirlər ki, Dağlıq Qarabağ ermənilərinin iştirakı ilə bağlı vəziyyəti arxa plana keçirsin. Hesab edirəm ki, bu, özbaşına əmələ gəlməyib. Bu, Ermənistana təziqin nəticəsidir. Fikir verirsinizsə, son dövrlər bütün təşkilatlar, eləcə də ABŞ Dövlət Departamenti, o cümlədən Avropa İttifaqı substantiv danışıqların tərəfdarıdır.
Ermənilər üçün yeni bir vəziyyət...
Avropa İttifaqı status kvonunu qeyri-dayanaqlı hesab edir, eləcə də qoşunların ərazidən çıxarılmasını tələb edir. Bu, Ermənilər üçün yeni bir vəziyyətdir. Ona görə, iyulun 11-də Avstriyada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə hazırlıq belə əhvali-ruhiyyədədir. Bu məsələdə Azərbaycanın mövqeyi bəllidir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona son səfərindən sonra Azərbaycan xarici işlər naziri bəyanat verdi ki, Sankt-Peterburqda hazırlanmış sənədlər hesabına Azərbaycan substantiv danışıqlara hazırdır. Düşünürəm ki, tənzimlənmə prosesinin sürətlənməsində Rusiyanın da marağı var. Prezidnetlərin sonuncu görüşü Rusiyada olub. Xarici işlər nazirlərinin görüşündən sonra, yəqin ki, Rusiya prezidentlərin görüşü barədə təşəbbüs irəli sürə bilər”.
Xəyalə Məmmədova / METBUAT.AZ