Qırmızı xalının sərilmə ənənəsi ilə bağlı müxtəlif versiyalar mövcuddur.
Metbuat.az xəbər verir ki, qərb ənənəsində qırmızı xalı ilə bağlı ilk yazılı mənbə e.ə 5-ci əsrdə yazılan “Agamemnon” adlı faciənin adı ilə bağlıdır. Əsərdə Klitemnestra həyat yoldaşı Agamemnonu qarşılamaq üçün onun ayaqları altına xalı sərdirir. Əvvəlcə özünü tanrı kimi hiss edəcəyini düşünən Agamemnon xalı üzərində yeriməkdən imtina etsə də, sonradan razılaşır. Beləliklə də o, özünün meqaloman (özünə vurğun, özünü dünyanın ən lazımlı şəxsi sayan) olduğunu sübut edir.
Xalının çadırlarda yaşayan asiyalılar üçün də xüsusi önəm daşıdığını unutmaq olmaz. Çadırın qarşısında oturan Asiya hökmdarının ayaqları altına xalı sərilərmiş. "Topqapı sarayı"nda bayramlaşma, taxta çıxma mərasimləri zamanı qapının önünə xalı sərilər, taxt həmin xalının üzərinə qoyularmış.
Qırmızı rəng isə tekstil sənayesində qədim zamanlardan bəri işlənir. Asiyada yaşayan qədim tayfalar qırmızı rəng verən böcəklərdən istifadə etməklə boya hazırlayıblar. Qırmızı rəng güc və zənginlik simvolu sayılırdı. Çin hazırda qırmızı rəngdən ən çox istifadə edən ölkədir. Həmin ölkədə toy mərasimi zamanı gəlinin qırmızı xalıda addımlayaraq bəyin yanına getməsi çox qədim adətlərdən sayılır.
Babil imperatorluğunda isə Cahangir şah qardaşını ziyarətə getdiyi zaman evi ilə qardaşının evi arasında hörmət əlaməti olaraq qırmızı xalı sərdirərmiş. Hindistanda döyüşdən qayıdan döyüşçülərin önünə də qırmızı xalı sərilərmiş. Hazırda Caypura gələn turistlərin ayaqları altına keçmişi xatırlatması üçün qırmızı xalı sərilir.
Qırmızı xalı sərmə ənənəsi 1902-1910-cu illərdə Nyu-York-Çikaqo dəmir yolları şirkəti tərəfindən də tətbiq edilib. Sərnişinlərini stansiyada qarşılayan şirkət onların ayaqları altına qırmızı xalı sərdirməyə başlayıb. Film təqdimatlarında qırmızı xalının sərilməsinə isə 1922-ci ildə başlanılıb. 18 oktyabrda Hollivudda “Robin Qud” filminin təqdimatı zamanı ilk dəfə sinema önünə qırmızı xalı sərilib.
| MÜTLƏQ OXUYUN: Kosmosda kartof yetişdirildi - YENİLİK-Oxumaq üçün tıkla |
Aytən Novruzova / Metbuat.az