Qusar-Xudat avtomobil yolunda təmir işlərinə başlanılıb.
“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, yolun hərəkət hissəsində yaranmış dağılmış və qabarmış hissələr avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradırdı. Artıq bu problem geridə qalır.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 188-ci km-dən başlayan təmir işləri Qusar rayon mərkəzinə qədər olan 13.7 km-lik hissəni əhatə edir.
Aparılan işlər çərçivəsində yolun köhnə asfat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, genişləndirilmiş və zəruri olan digər hissələr xüsusi materail tökülərək kipləşdirmə işləri aparılır, hazır olan hissələr isə asfaltlanır. Hazırda yolun 3 km-lik hissəsinə asfalt-beton örtüyünün ilk qatı döşənib. Bundan başqa zəruri olan yerlərdə yol kənarlarına səki daşları düzülür. Ümumilikdə yola 2 qat olmaqla asfalt-beton örtüyünün döşənməsi və 6 min paqon-metr səki daşının düzülməsi nəzərdə tutulub.
“Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılan təmir-tikinti işləri yekunlaşandan sonra yola 120 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq.
Qeyd edək ki, 1967-68 ci illərdə salınan Qusar-Xudat avtomobil yolunun əsaslı şəkildə təmir edilməsi yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq, vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq.