Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Fransanın Azərbaycandakı səfirliyində olublar

17:37 8 Yanvar 2015
89 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 17:32 ]

Bakı - APA. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin bir qrupu Fransanın Azərbaycandakı səfirliyində olublar.

APA-nın xəbərinə görə, səfirin müşaviri xanım Fabienne Drout-Lozinski ilə görüşən Şura üzvləri Fransada “Charlie Hebdo” jurnalına edilən hücum və terror aktı ilə əlaqədar başsağlıqlarını çatdırıblar.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov “Charlie Hebdo” jurnalına edilən hücumun və baş vermiş terror hadisəsinin Azərbaycan jurnalistlərini də sarsıtdığını deyib. O bildirib ki, Azərbaycan terrordan əziyyət çəkən ölkə olduğu üçün xalqımız, o cümlədən jurnalistlərimiz də bu ağırını daha çox hiss edirlər: “Terrorun dini, irqi, milləti olmur. Biz bu hadisəni pisləyir, terrorun bütün formalarını lənətləyirik. Ümid edirik ki, bu hadisə dünyada xalqlararası və mədəniyyətlərarası sivilizasiyanın inkişafına təsir göstərməyəcək, əksinə, dialoq mühitini daha da gücləndiriləcək”.

 

Fransa səfirinin müşaviri Fabienne Drout-Lozinski öz növbəsində Mətbuat Şurası üzvlərinə təşəkkür edib: "Bu hadisə baş verən andan biz Azərbaycanı yanımızda gördük. Azərbaycan dövləti, tanınmış siyasətçilər, ictimai xadimlər, media, həmçinin sadə azərbaycanlılar səfirliklə əlaqə saxlayıb, başsağlığı mesajlarını çatdırıblar. Azərbaycan prezidenti cənab İlham Əliyev də dərhal Fransa prezidenti Fransua Ollanda öz başsağlığı mesajını çatdırıb. Cənab İlham Əliyevin mesajı çox isti və duyarlı idi. Azərbaycan tolerantlığı, mədəniyyətlərarası dialoqu daim dəstəkləyir, çoxmillətli, çoxmədəniyyətli ölkə kimi yaşayır, mədəniyyətlər arası dialoqun genişləndirilməsinə daim təşəbbüs göstərir. Bu baxımdan da prezident Əliyevin mesajı bizim üçün çox mühüm idi və biz buna görə dərin minnətdarlığımızı bildiririk”.

 

Qeyd edək ki, görüşdə Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev, İdarə Heyətinin üzvləri Vüsalə Mahirqızı, Vüqar Rəhimzadə, Aydın Quliyev, Azər Həsrət və Yadigar Məmmədli də iştirak ediblər.

 

Xatırladaq ki, Fransada nəşr olunan “Charlie Hebdo” jurnalına edilən hücum və baş vermiş terror aktı nəticəsində çoxu jurnalist olmaqla 12 nəfər ölüb, 11 nəfər yaralanıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR