Xalq artisti Səməd Səmədov ailə təməlinin möhkəmliyindən danışıb.
Milli.Az-a açıqlama verən müğənni vaxtilə ailəsində söz-söhbətlərin olduğunu da gizlətməyib:
"Artıq 40 ildir ki, xanımımla birgə ailə həyatı sürürük. 40 il bundan əvvəl estrada ansamblım məktəblərin birində keçmiş məzunlarla görüşə dəvət olunmuşdu. Elə həmin məktəbdə gələcək həyat yoldaşımla tanış oldum və 2-3 aydan sonra ailə həyatı qurduq. Hər bir ailədə olduğu kimi, bizim ailədə də söz-söhbətlər, dava-qırğınlar olub. Kişi ailəsinin dağılmasına imkan verəcək səviyyəyə enməməlidir.
Hər davamızdan sonra ya bir hədiyyə, ya bir ailəvi restorana dəvət, ya da birlikdə hər hansı bir xarici ölkəyə istirahətə yollanmaqla xanımımın könlünü alırdım. Etiraf edim ki, ailədə ilk barışıq addımını həmişə mən atmışam. Bunu özümə ayıb bilmirəm və heyfslənmirəm də. Təəssüf ki, bu gün boşanmalar cəmiyyətimizdə bir növ epidemiyaya çevrilib".
Qeyd edək ki, Səməd Səmədovun biri qızı, biri oğlan olmaqla iki övladı, 5 nəvəsi var.
Əli Rəhimoğlu
Milli.Az