"Report"un məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur matçından sonra deyib. 51 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bəzi futbolçuların mövqelərində dəyişiklik nə ilə bağlı idi? Məsələn, Tural Rzayevin..?
- Standart vəziyyətlərdə Tural Rzayevin mövqeyində dəyişiklik olurdu. Lakin oyun gedə-gedə mövqe dəyişikliyi normaldır.
- Son zamanlar baş məşqçilərimiz uduzduqları oyunlardan sonra komandalardan razı qalırlar.
- Səbəb 16 futbolçunun dəyişilməsidir. Bu da boşluqlara, anlaşılmazlıqlara gətirib çıxarıb.
"Kəpəz" iddialı komandadır, azarkeşlər bizi yüksək yerlərdə görmək istəyirlər. Futbolçularımın bir çoxu əvəzedici heyətlərdən və ya I Divizion komandalarından gəlib. Səbəb yalnız bununla bağlıdır.
- Belə çıxmırmı ki, komandanız layiq olduğu mövqedədir?
- "Zirə" ilə oyunda topa 61 faiz nəzarət var idi. "Sumqayıt"la oyunun ikinci hissəsində üstün oyun sərgiləmişdik. Komandamız hələ oturuşmadığından, lazımi nəticələr göstərə bilmirik. Son iki oyunda istədiyim oyunu görürəm.
- Sona bir neçə gün qalmış komanda formalaşdırılmasını səbəb göstərmirsiniz?
- Bu gün 8 komanda arasında ən aşağı büdcəyə malik komandayıq. Heyətin formalaşdırılmasına baş məşqçi məsuliyyət daşıyır. 51 faiz məsuliyyət məndədir. Rəhbərlik əlindən gələni edir.
- Kərim Diniyevi çox istəyirsiniz, yoxsa Coşqunu?
- Heç birini. Keçən dəfə demişdim ki, qol vursan evə gəlmə. Bu gün isə nə deyə bilərdim?