Kənd təsərrüfatı naziri Salyanda vətəndaşlarla görüşüb

Kənd təsərrüfatı naziri Salyanda vətəndaşlarla görüşüb
17:37 22 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün Salyan Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Salyan, Neftçala, Hacıqabul, Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.
Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, H.Əsədov ilk öncə inzibati binada, eləcə də Dövlət Fitosanitar və Baytarlıq Nəzarəti Xidmətlərinin binalarında yaradılmış şəraitlə tanış olub. 
Daha sonra nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də qəbul keçirilib və 35-dən çox vətəndaşın müraciətinə baxılıb. Qəbula gələn vətəndaşlar əsasən subsidiya, torpaqdan istifadə və texnikalarla təminat, ixtisasa uyğun işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Nazir Heydər Əsədov Salyanda “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Tədbirdə Salyan, Cəlilabad, Biləsuvar, Neftçala, Astara, Yardımlı, Cəbrayıl, Masallı rayonlarından və Şirvan şəhərindən olan 69 istifadəçiyə lizinq yolu ilə verilmiş, ümumilikdə, 3 202 930 manat məbləğində 117 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 1 272 844 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi komissiyanın qərarına əsasən, tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb, o cümlədən güzəşt tətbiq edildikdən sonra 26 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib. Texnikalar Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb, müvafiq sənədlər vətəndaşlara təqdim olunub. Eyni zamanda, “Aqrolizinq”in əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20%-ni ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.
İndiyədək 7 980 elektron müraciət üzrə “Aqrolizinq”dən lizinqə götürülmüş 19 976 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 162 176 059,42 manat məbləğində güzəşt tətbiq olunub.
Həmçinin nəqliyyat vasitələrinin mülkiyyətçilərinə texnikaların müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmadığı və texniki baxışdan keçmədiyi təqdirdə İnzibati Xətalar Məcəlləsinin 340.1-ci maddəsinə əsasən, fiziki şəxslərin əlli manat, vəzifəli şəxslərin 100 manat, hüquqi şəxslərin isə 300 manat məbləğində cərimələnəcəyi izah edilib.



Xəbərin orijinal ünvanı: https://report.az/ask/kend-teserrufati-naziri-salyanda-vetendaslarla-gorusub-a-a-a-a-a

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR