Azarkeşlərin dəstəyi komandaya inam verdi və zalda
inanılmaz atmosfer yaratdı. Bunu Trend-ə Azərbaycanın qadınlardan
ibarət voleybol yığmamızın məşqçisi Famil Ağayev Polşa yığması
üzərində 3-0 hesablı parlaq qələbədən sonra deyib.
Famil Ağayev xüsusi olaraq vurğulayıb: "Oyunumuzda yenidən iştirak
edən Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümüzü bildiririk.
Onun dəstəyi bizim oyuna enerji verdi. Dövlət başçısının bizim
çıxışlara göstərdiyi diqqət bizim üçün çox vacibdir. Qızlar da pis
vəziyyətdə qoymadılar, böyük hesabla oyunu başa vurdular".
Məşqçinin sözlərinə görə, yığma artıq bu gündən Almaniya komandası
ilə sabahkı oyuna hazırlığa başlayacaq: "Əgər siz fikir verdinizsə,
Polşa ilə oyunun 3-cü setində qızlar bir az yorğun idilər və
meydanda gərginlik hiss olunurdu. Lakin baş məşqçi Faiq Qarayevin
etdiyi əvəzetmələr yekun nəticəni bizim xeyrimizə dəyişdi".
F. Ağayevin fikrincə, Avro-2017-in startında 2 qələbə komandanı
arxayınlaşdırmamalıdır.
O, bildirib ki, komanda sabah hər top və hər set uğrunda mübarizə
aparacaq: "Məqsədimiz qrupda yalnız Avropa çempionatının 1/4
finalda birbaşa çıxış etmək hüququ verən birinci yerdir".