Ümumdünya Dağ yəhudiləri konqresinin yaradıcısı və ilk prezidenti Zaur Gilalovun xatirəsinə ithaf olunmuş sənədli film üzərində işlər artıq yekunlaşıb.

Metbuat.az-ın məlumatına görə, filmdə ilk növbədə Azərbaycanda multikulturalizmin və tolerantlığın bariz nümunələrindən biri sayılan Qubanın “Qırmızı qəsəbə”sindən, onun tarixi, insanları və onların əsrlərlə qoruyub inkişaf etdirdikləri adət-ənənələrindən bəhs olunur.

Qurşumovlar həmin qəsəbənin parlaq nəsillərindən biri olub. Bu nəslin görkəmli nümayəndəsi Tahir Qurşumovun böyük oğlu Zaur Gilalov dağ yəhudilərinin dünyada tanıdılmasında müstəsna xidmətlər göstərib. Zaurun məktəb və gənclik illərinin dostları, onun atası və babasını tanıyan şəxslər, Zaur Gilalovun Ümumdünya Dağ yəhudiləri konqresini yaratmaq istiqamətində gördüyü işlər, onun planları haqqında xatirələrini bölüşürlər. Zaur Gilalov 29 yaşında olan zaman, 5 mart 2004-cü il tarixində qətlə yetirilib. Sənədli film “Baharda solan ömür” adlanır. Coğrafiyası Azərbaycan, Rusiya və İsraili əhatə edir.

Qeyd edək ki, bu layihənin reallaşmasında Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İsrailin Yoknem şəhərinin vitse-meri Roman Peres, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri Arye Qut təşkilati və mənəvi dəstək göstəriblər. “Baharda solan ömür” filminin layihə rəhbəri və ideya müəllifi Emin Musavi, informasiya tərədaşı “ASAN Radio”dur. “Baharda solan ömür” filmini yaxın günlərdə yerli telekanallarda və “Youtube” kanalında izləmək mümkün olacaq.


Ukraynada güclü partlayış - 20 min əhali evakuasiya edildi - OXUMAQ ÜÇÜN TIKLA