Bakıda beynəlxalq inşaat sərgisi keçiriləcək

18-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş irimiqyaslı tədbir - 23-cü Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2017” sərgisi öz işinə başlayacaq.

Metbuat.az-ın məlumatına görə, müxtəlif ölkələri təmsil edən mütəxəssislərin uzun müddət səbirsizliklə gözlədikləri “WorldBuild Baku” sərgisi tikinti və memarlıq, eləcə də layihələndirmə və təmir işləri sahəsində təşkil olunan mühüm peşəkar tədbirdir. 

Bu il sərgidə dünyanın 23 ölkəsindən 200-dən artıq şirkət iştirak edir. Almaniya, BƏƏ və İran sərgidə öz milli pavilyonları ilə təmsil olunacaqlar. Bu ilin debütantı isə milli stendi ilə çıxış edən Polşadır. “WorldBuild Baku 2017” sərgisində ilk dəfə iştirak edən debütantlar ilə yanaşı, yerli şirkətlər də “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullarını nümayiş etdirəcəklər. 

Bu il ilk dəfə olaraq, Mənzil İnşaatı Dövlət Agentliyi “WorldBuild Baku 2017” sərgisini rəsmi olaraq dəstəkləyir. 

Ölkə başçısının 11 aprel 2016-cı il tarixli müvafiq Fərmanı ilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. 

“WorldBuild Baku” sərgisi innovasiyalı məhsul və xidmətlərin yerli tikinti bazarına cəlb olunması üçün ən effektiv və səmərəli vasitələrdən biridir. Belə ki, təşkilatçılar əmindirlər ki, Mənzil İnşaatı Dövlət Agentliyi və digər strukturların sərgi ilə sıx əməkdaşlığı Azərbaycanda tikinti sektorunun inkişafına öz töhfəsini verəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR