Oktyabrın 3-də Nizami kinoteatrında 30 illik fasilədən sonra uşaq kinosuna yeni bir nəfəs gətirəcək “Big Bubble əməliyyatı” adlı uşaq filminin möhtəşəm təqdimat mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, qalada filmin yaradıcı heyəti, bir çox Media nümayəndələri, hər zaman Azərbaycanın haqq səsini dünyaya çatdıran millət vəkili Qənirə Paşayeva və digər qonaqlar iştirak edib.

Qeyd edək ki, filmin rejissoru Teymur Nəcəf, baş prodüseri Elşən Əliyev, prodüseri Dilşad Musa, bəstəkarı Ləman Nəcəf, musiqi tərtibatçısı Rövşən Muhammed, quruluşçu operatoru Zaur Hüseynov, ssenaristi Teymur Nəcəfdir.

Aparıcı Elməddin Məmmədovun təqdimatıyla qırmızı xalıya dəvət olunan filmin yaradıcı heyəti film haqqında öz təəssüratlarını bildirərək, onlara dəstək olanlara minnətdarlıqlarını bildiriblər. Bildirək ki, filmdə iştirak edən uşaqlardan yeddisi artıq 6 ilə yaxındır ki, uşaqların düzgün inkişafı, təhsil və tərbiyələnməsi istiqamətində fəaliyyət göstərən Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin üzvləri – Musa Allahverdiyev, Zəhra Muradova, Sübhan Əzizov, Hacımurad Davudov, Rinat Davudov, Dəniz Aslanlı, Elay Əzizova, biri isə mərhum aktrisa Xanım Qafarovanın qızı Gövhər Gülmalıyevadır. Bundan başqa filmdə valideyn, nənə, sehrbaz və digər maraqlı obrazlar da yer alıb.

Bir neçə tortun kəsilməsi və yaradıcı heyətin kollektiv şəkil çəkdirməsindən sonra hər kəsin həyəcanla gözlədiyi an gəlib çatıb və film nümayiş olunub.

İlk dəqiqələrdən artıq zalda uşaqların təəccüb və sevinc səsləri eşidilib. Macəra xarakteri daşıyan “Big Bubble əməliyyatı” filmi, həm də tərbiyəvi əhəmiyyətinə görə diqqəti cəlb edib. Belə ki, filmdə valideyn-övlad arasında qurulan ünsiyyət, böyüyə - nənəyə, babaya hörmət, dostluğa sadiqlik, bacı-qardaş məhəbbəti və digər münasibətlər filmin sujet xəttinin zənginliyindən xəbər verir. Bütün bu deyilənlərin bir filmdə yer alması isə filmin ssenari və rejissor işinin mükəmməlliyinin göstəricisidir.

Filmin bir növ davamedici sonluqla bitməsi kiçik izləyiciləri intizarda saxlayaraq davamının olacağını göstərib. Bu isə müasir uşaq kinosunun tezliklə zənginləşəcəyindən və yeni uğurlara imza atacağından xəbər verir.

https://metbuat.az/news/800191/melahetli-sohbetler-de-hamini-agladan-o-anlar.html