"Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır"

“Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəbi Ermənistanın status-kvonu dəyişməz olaraq saxlamaq cəhdidir”.

Metbuat.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edən zaman çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar heç bir praktiki nəticə verməyib. Bunun başlıca səbəbi Ermənistanın mövcud status-kvonu dəyişməz olaraq saxlamağa çalışmasıdır.

Prezident bildirib ki, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, erməni qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrə əməl etmir. Digər məsələlərlə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri dərhal icra olunduğu halda, BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətamələri 24 ildir ki, yerinə yetirilmir. Ermənistana qarşı beynəlxalq səviyyədə təzyiqlər olanda, qoşunların təmas xəttində hərbi təxribatlara başlayır.

Azərbaycan tarixən ona məxsus olan torpaqlarda ikinci qondarma erməni dövlətinin yaradılmasına razılıq verməyəcək deyən dövlət başçısı bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməli, Ermənistanın işğalçı qüvvələri işğal olunmuş bütün ərazilərdən qeyd-şərtsiz çıxarılmalıdır.

Prezident bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu regional təhlükəsizliyə və sabitliyə təhlükədir. ATƏT-in Minsk qrupu beynəlxalq hüquq normalarına əməl etməsi üçün Ermənistanın işğalçı rejiminə daha çox təzyiq göstərməlidir. Beynəlxalq ictimaiyyətin Ermənistana münasibətdə mülayim siyasəti onlarda belə təsəvvür yaradır ki, bundan sonra da Azərbaycan torpaqlarını işğal altında saxlaya bilər.

Postsovet məkanında mövcud olan bütün münaqişələrə münasibətdə Avropa Komissiyası tərəfindən vahid yanaşma nümayiş etdirilməlidir deyən ölkə başçısı Dağlıq Qarabağla bağlı yekun bəyannamənin mətnində ərazi bütövlüyünə dair məsələnin aydın ifadə olunmasının vacibliyini vurğulayıb. Ölkənin rəhbərliyinin və xalqının razılığı olmadan onun sərhədləri dəyişdirilə bilməz.

İspaniyada və İraqda baş verən hadisələr nəhayət ki, beynəlxalq ictimaiyyəti separatizmlə bağlı məsələlərə daha çox diqqət ayırmağa məcbur edib. Dövlət başçısının çıxışı ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu bildirib ki, təkcə Azərbaycanın yox, dünyanın problemi odur ki, dünyanı idarə edənlər və idarə etməyə iddia olanların davranışı yerində deyil:

“Dünyada problemlər günü-gündən ona görə artır ki, ABŞ və Avropa baş verən hadisələrə adekvat reaksiya vermir və vermək imkanında da deyil. Bunların davranışında məntiqsizlik o həddə çatıb ki, Kataloniya Muxtar Vilayətində referendum olur, deyirlər olmamalıdır, İspaniyanın ərazi bütövlüyünü dəstəkləyirlər. İraqda referendum keçirilir, ərazi bütövlüyünü dəstəkləyirlər. Moldovada, Gürcüstanda da eyni reaksiyanı göstərirlər. Amma Azərbaycanın ərazi bütövlüyü prinsipinə gəldikdə açıq-aydın bir söz ortaya qoya bilmirlər. Özlərini demokrat kimi göstərirlər, beynəlxalq hüquqlara hörmət etdiklərini deyirlər, Avropanın ortasında 5,5 milyon katalonlara dövlət vermirlər, amma Cənubi Qafqazda 50-60 min erməniyə dövlət vermək istəyirlər. Ermənilərin onsuz da dövləti var, katalonların isə heç dövləti də yoxdur. Məntiqsizlik Qərbin, Avropanın başında duranların bəlkə şəxsi problemidir, amma intellektlərində də əgər problem varsa, bu özünü dünya miqyası üzrə proseslərdə göstərir.

Ona görə də, ölkə prezidenti iddialı və qəti şəkildə bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan müqavilədə aydın şəkildə göstərilməlidir. Yəni necə ki, Gürcüstanın ərazi bütövlüyü göstərilirsə, İspaniyada bütövlük dəstəklənirsə, Azərbaycanın da ərazi bütövlüyü o qaydada dəstəklənməlidir. Avropalılar nəzərə alsın ki, Azərbaycanın prezidenti İlham Əliyevdir, hansı ailədə böyüyüb, hansı savada, intellektə sahibdir. Bütün dünya İlham Əliyevi tanıyır, ən azından böyük iradə sahibi, intellektinin olduğunu bilməlidirlər.

Düşünürəm ki, Azərbaycanla bağlı ikili standartlardan nə qədər tez əl çəksələr, bir o qədər yaxşıdır. Azərbaycan Cənubi Qafqazda lider dövlətdir, onun iştirakı olmadan Qərb, Şərq, Cənub, Şimal olmağından asılı olmayaraq, heç bir güc Cənubi Qafqazı yönləndirə bilməyəcək. Yalnız Azərbaycanın maraqları təmin olunmaqla Qafqazda hansı güc istəsə, siyasətini apara bilər”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı