Xəbər verdiyimiz kimi, İraq ordusu Kərkükə girib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Şimali İraq Kürd Muxtariyyətinin Təhlükəsizlik Agentliyi də Tvitterdə açıqlama yayıb: “İraq ordusu və "Haşdi Şabi" Kərkükün cənubundakı Bəşir kəndi və Tazehurmatu qəsəbəsinə tank, top və digər ağır silahlar yerləşdirib”.

Açıqlamada iddia edilir ki, İraq ordusu və "Haşdi Şabi"nin bu addımı atmağına səbəb Peşmərgənin nəzarətində olan neft quyuları, hava limanı və hərbi bazaları ələ keçirməkdir.

Məsələ ilə bağlı Kərkük türkmənlərinin təmsilçisi Yahya Ali Mehdi Metbuat.az-a eksklüziv açıqlama verib:

“Dünən gecədən bəri İraq ordusu Kərkükə girməyə çalışır. Amma burada kürd Peşmərgə qüvvələri var. Ordunun qarşısını almaq istəyirlər. İraq ordusu 2 saat əvvəl Kərkükün bir nöqtəsini ələ keçirib. Ancaq bu zaman qarşıdurma olmayıb, Peşmərgə çəkilib, İraq ordusu həmin nöqtəni tutub. Hazırda ordu Kərkükdən 7-10 km məsafədir, mərkəzə girməyib. İraq ordusu və "Haşdi Şabi" qüvvələri Kərkükün ətrafında olduqları üçün, burada 10-15 min kürd əhali dünən gecədən silahlanıb. Hazırda İraqda hər iki tərəfdə sakitlikdi, qarşıdurma yoxdur. Amma qarşıdakı dəqiqələrdə nə olacağı ilə bağlı heç nə bilinmir”.

Günay Elşadqızı \ METBUAT.AZ