​Kərkükdə gərginlik davam edir

Kərkükdə İraq ordusu və federal polis qüvvələri səhər saatlarından cənubdan irəliləyərək, “K1” hərbi bazası, “Baba Gürgür” neft yatağı, “Kərkük Şimali Neft Şirkəti”, Şimali İraq Kürd Muxtariyyətinin 70-ci taborunun bazası və Kərkük hava limanına nəzarəti tam ələ keçirib.

Metbuat.az-ın məlumatına görə, Kürdüstan Vətənpərvərlər Birliyinə bağlı Peşmərgələrin Kərkükün cənubundan çəkilməsindən sonra, İraq ordusu və ona dəstək verən federal polis qüvvələri boşaldılan mövqeləri tutub, zirehli maşınlarla əsas prospektlərə nəzarəti təmin edib. Kərkükün cənub hissəsində Şimali İraq Kürd Muxtariyyətinin bayraqları da polis qüvvələri tərəfindən endirilib. İraq ordusu və federal polis qüvvələri şəhərə girsə də, Haşdi Şabinin hələ Kərkükə girmədiyi deyilir.

Kərkükün daxilindən Ərbil və Süleymaniyəyə gedən yolların nəzarəti hələ ki, Peşmərgədədir. Mağazaların bağlandığı şəhərdə xaos yaşanır. İş günü olmasına baxmayaraq, bir çox yerlər bağlıdır.

Peşmərgənin ani şəkildə geri çəkilməyinə qəzəblənən şəhərin kürd sakinləri Süleymaniyəyə tərəf gedən Peşmərgə tanklarını aşırıblar. Bundan əlavə, bəzi Kərkük ailələri yaranan xaos səbəbindən, Ərbil və Süleymaniyəyə gediblər. Kərkükdəki türkmən küçələri və partiya binalarının yerləşdiyi ərazilərdə sükut yaşnır.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR