"Çoxlarının bu faktdan heç xəbəri yox idi..." - FOTO

"Çoxlarının bu faktdan heç xəbəri yox idi..." - FOTO
00:12 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bu gün təqdimata ehtiyacı olmayan Şövkət Ələkbərovanın doğum günüdür. Əlbəttə, Şövkət xanım kimi sənətkarların və şəxsiyyətlərin doğum tarixləri ilin yalnız bir gününü əlamətdar edə bilməz. Çünki onların saf sənətinin və parlaq şəxsiyyətinin saçdığı işığın özünü göstərməsi üçün bir doğuluş kifayət edə bilməz. Eyni dərəcədə bizim bu işığın ziyasına bələnməyimizdən ötrü də yalnız doğum və xatirə günləri bəs deyil.

Şövkət Ələkbərovanın gəlini (zahirən özünə çox bənzəyən bu xanım-xatın gözəli Şövkət xanım tələbələrinin arasından seçib-bəyənib) Gülnarə xanım Səfərovanın Milli.Az-a danışdıqları:

"Şövkət xanım ömrü boyu heç bir münaqişəyə qoşulmadı. O, vaxtında anladı ki, az-çox etirafa layiq görülmüş, qəbul edilmiş sənət adamı özündən sonra məktəb qoyub getməlidi, yetirmələrinin inkişafını təmin etməlidi. Mən heç vaxt görmədim ki, Şövkət xanım kiməsə nəyisə sübut etməyə çalışsın. Həmişə hər cür qeybət səviyyəsində olan söhbətlərdən yüksəkdə dayandı. Təbii ki, bu, onun xarakterindən irəli gəlirdi. Qeybətcil adamlara isə yazığı gəlirdi. Bəlkə də Şövkət xanımın səviyyəsinin çirkabdan çox uzaqda olduğunu dərk edən bir para xəbislər acığa düşüb bəzi söz-söhbətlərin süni şəkildə yaranmasına çalışırdılar..."

Müstəsna istedada malik ifaçılarımızın ali səviyyəyə ali təhsil haqqında diplom almadan çatdığını biləndə çox təəccüblənirik. Axı peşəkar musiqi sənətimizin banisi Üzeyir Hacıbəylidən bu aləmin incəliklərini öyrənən, opera sənətimizin ilk peşəkar artistlərindən olan Hüseynqulu Sarabskidən səhnədə davranış elementlərini əxz edən, Xan Şuşinski, Bülbül və digər ustadlarla birgə yaradıcılıq yolu keçən ifaçı üçün ali təhsil diplomu vacibdirmi?

Gülnarə xanım: "Günümə bax ki, məni Konservatoriyada dərs deməyə dəvət etmirlər. Bəzi bürokratlar başa düşmürdülər ki, Konservatoriyanı Üzeyir bəy yaradıb, Şövkət xanım da peşəkarlığın sirlərini dahi bəstəkardan öyrənib. Bir də ki Konservatoriya yaradılana qədər ali musiqi təhsili Asəf Zeynallı adına Musiqi Məktəbində alınan təhsil hesab olunurdu. Şövkət xanım da oranı bitirmişdi..."

Ümumiyyətlə, ona qarşı kifayət qədər haqsızlıq olmuşdu. Məsələn, elə SSRİ xalq artisti və ya başqa keçmiş SSRİ respublikalarından birinin xalq artisti adına tamamilə layiq olduğu halda bu fəxri ad onun isminin yanına yazılmadı. Halbuki belə etiraflar şifahi şəkildə səslənibmiş. Həqiqi istedad sahibləri ad-san, şöhrət ardınca qaçmırlar. Fəhmlə duyurlar ki, onların sənəti hər cür fəxri addan yüksəkdədir, hətta heç bir fəxri adı olmasa da onların adı mədəniyyət tarixində və qəlblərdə qalacaq. Amma aşkar həqiqəti anlamaq birtərəfli olmamalıdı axı. Qarşı tərəf də layiqlinin layiq olduqlarına çatmağını təmin etməyin onun vəzifə borcu olduğunu anlamalıdır. Məlumdur ki, Şövkət xanım müəyyən mərhələlərdə öz karyerasını unudub tələbələrinin püxtələşməsindən ötrü vaxtını, enerjisini özü ilə bərabər onların da böyük səhnələrdə çıxışlarının təşkilinə sərf edirdi. Daha bəzi qısqanc sənət adamları kimi açıq-aydın, ya da eyhamla bildirmirdi ki, mən olan yerdə başqa heç kim olmamalıdı...

Gülnarə xanım: "İndi hansı musiqi ocağına nəzər salsaq, orda Şövkət xanımın tələbələrini görərik. Onun rəsmi tələbələrindən bəlkə də birincisi olan Aybəniz xanım Haşımova hazırda ustadının bu missiyasını davam etdirir. Şövkət xanım tələbələrinə demirdi ki, mən səninlə məşğul oluramsa, daha başqa müəllimin yanına getmə. Əksinə, nəsihət edirdi ki, hər sənətkardan nəsə öyrənsəniz qənimətdi. Bir də ki o, məsələn, məşğələləri Arif Babayevlə birlikdə aparırdı. Məcnun partiyasını tələbələrə Arif müəllim nümayiş etdirirdi, Leyli partiyasını Şövkət xanım. Belə üsul yalnız solmaz effektə xidmət edə bilərdi. 1990-cı ildə Şövkət xanım son konsertlərini Almaniyanın Berlin və Hamburq şəhərlərində verdi. Yanvar hadisələrindən sonra orda yaşayan dostlarımız Azərbaycana bir xidmət göstərmək məqsədi ilə artıq ağır xəstə olan Şövkət Ələkbərovanın qeydinə qalmaq, onun sağlamlığını qismən də olsa, bərpa etməyə can atırdılar. Amma Şövkət xanım heç bir ölkədə uzun müddət qala bilmirdi. Almaniyada o sonsuz qayğı və məhəbbətlə əhatə olunmuşdu. Konsertlərdən aldığı qonorarı isə şəhid ailələrinə yardım fonduna köçürmüşdü. Çoxlarının bu faktdan heç xəbəri yox idi. Çünki Şövkət xanım sadəcə olaraq, vətəndaşlıq borcunu yerinə yetirmişdi. Bu barədə isə aləmə car çəkmək yersizdi..."

"Leçkomissiya"nın həkimləri isə həmin dövrdə vətəndaşlıq borclarını da unutmuşdular, peşə borclarını da, insanlıq borclarını - həftələrlə onun üçün palata ayrılmasını xahiş edən Şövkət xanıma biganəlik göstərir, heç olmasa evinə baş çəkib onun səhhəti ilə maraqlanmırdılar... İnsanlıq borcunu unudanlara təəssüf ki, Şövkət xanımın bir sıra həmkarları da aiddir - onlar da ustad sənətkarın həmkar diqqətinə dikilən gözlərini yolda qoyublar...

Samirə Behbudqızı

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/591082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR