Şimali İraq Kürd Muxtariyyəti Bağdadın son 48 saatda kürd muxtariyyətinin sərhədlərinə hərbi güc topladığını iddia edib.

Metbuat.az-ın məlumatına görə, bu gün yayılan məlumatda isə bildirilir ki, İraq ordusu Türkiyə sərhədinə irəliləyir. Sincar bölgəsini Peşmərgədən geri alan ordu qüvvələrinin yeni hədəfi Ankara və Bağdadın açmağı planlaşdırdığı Ovaköy sərhəd qapısıdır. Yerli qaynaqların məlumatına görə, hazırda Duhokun qərbini keçib, Dəclə çayı boyunca irəliləyən ordu qüvvələri Feys Habura çatıb. İraq ordusunun Türkiyə sərhədinə çatmasına qısa məsafə qalıb.

Maraqlıdır, İraq ordusunun mübahisəli bölgələrə nəzarəti ələ keçirməsinə baxmayaraq, əməliyyatları davam etdirməsinin səbəbi nədir? Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Natiq Miri deyib ki, əməliyyatların davam etməsinin məqsədi tamamilə başqadır:

Türkiyənin PKK və PYD/YPG-ni bitirən möhtəşəm PLANI

“Bu gün mərkəzi hakimiyyət bütün sərhədlərdə öz hegemonluğunu təmin etmək üçün sərhəd məntəqələrini birbaşa dövlətin nəzarətinə keçirmək istəyir. Bildiyiniz kimi, bu sərhəd qapılarının əksəriyyəti Şimali İraq Kürd Muxtariyyətinin idarəetməsindədir. Bu da Türkiyədən gələn ticarət yolunun üstündə olduğu üçün, milyonlarla vəsaiti məhz Bərzani hakimiyyəti qazanır. 25 sentyabr referendumundan sonra Bağdad, Bərzani hakimiyyətini iqtisadi cəhətdən sıxışdırmaq üçün bütün sərhəd məntəqələrinin nəzarətini əlinə almaqla bağlı qərar verdi. Eyni zamanda, Türkiyə ilə olan Habur sərhəd məntəqəsi demək olar ki, Bərzani hakimiyyəti və mərkəzi hakimiyyətlə əsas sərhəd qapısı idi. Mərkəzi hakimiyyət Bərzaniyə xəbərdarlıq göndərmişdi ki, sərhəd məntəqəsinin nəzarətini Bağdada versin. Ancaq Bərzani nəinki Habur sərhəd məntəqəsini, digər sərhəd məntəqələrinin təhvil verilməsindən də imtina etdi”.

Politoloqun sözlərinə görə, Bağdadla Türkiyə arasında yeni ticarət yolunun və sərhəd məntəqəsinin açılması ilə bağlı razılaşma var: “Ovaköy sərhəd qapısı açıldıqdan sonra, bu, Türkiyə ilə Bağdad arasında birbaşa ticarət yolu olacaq. Bu ticarət yolu Mosuldan keçməklə, Bərzani hakimiyyəti tərəfindən işğal olunmuş əraziləri də əhatə edəcək. Bu isə region ölkələrinin inkişafına, eyni zamanda da təhlükəsizliyə təminat verəcək. Yeni ticarət yolunun təhlükəsizliyini həm Türkiyə, həm də İraq ordusu qoruyacaq.

Bu məsələdə digər strateji məqamlar da mövcuddur. Bildiyiniz kimi, İraqda PKK yuvası sayılan Sincar və digər bölgələrdəki terrorçularla Suriyanın şimalında olan PKK-nın qolu olan PYD/YPG terrorçuları arasında "xilas koridoru" var. Ovaköy ticarət yolunun təhlükəsizliyini bu iki ordu təmin etməklə, İraqla Suriya arasında terror dəhlizi birdəfəlik bitirilmiş olacaq ki, bu da həmin ərazilərdə olan bütün terrorçuların, o cümlədən, PKK-nın tamamilə küncə sıxışdırılaraq, məhv olması deməkdir”.

Natiq Miri bildirib ki, Bərzani hakimiyyəti bir çox dövlətlərə yalandan məlumat verir ki, İraq ordusu guya kürd muxtariyyəti sərhədlərinə, eyni zamanda paytaxt Ərbilə hücuma hazırlaşır:

“Ancaq bu sadəcə, diqqətləri yenidən İraqa yönəltmək üçün ortalığa atılan bəhanədir. Bildiyiniz kimi, İraqın Baş naziri Heydər əl-İbadi birmənalı olaraq göstəriş verib ki, Ərbilə olan bütün hücum əməliyyatları dayandırılsın. Çünki artıq Bərzani Peşmərgələri muxtariyyət sərhədləri çərçivəsinə sıxışdırılıb. Davam edən əməliyyatlar, sadəcə olaraq, Türkiyə sərhədlərinə gedən yolun üstündədir. Bu da dediyim kimi, Habur məntəqəsinə alternativ olan yeni Ovaköy sərhəd məntəqəsinin açılması və bu yöndə sərhəd xətti boyu boyunca yeni ticarət yolunun yaradılmasıdır. Bu səbəbdən, İraq ordusu hələ bir müddət də bu əməliyyatları davam etdirəcək”.

Günay Elşadqızı \ METBUAT.AZ