Bakı. 24 oktyabr. REPORT.AZ/ Rusiya BMT və Kimyəvi silahların qadağan olunması Təşkilatının (OPCW) Suriyada kimyəvi silahlardan istifadə edilib-edilməməsi ilə bağlı araşdırma aparan birgə missiyasının mandatının uzadılması ilə bağlı qətnaməni veto edib.
"Report" "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermə zamanı 11 ölkə sənədin lehinə, Rusiya və Boliviya əleyhinə səs veriblər, Çin və Qazaxıstan isə bitərəf qalıb.
Qeyd edək ki, 2015-ci ildə yaradılan BMT və OPCW-nin birgə missiyasının mandatı cari il noyabrın 17-də baş çatır. Missiya oktyabrın 26-da cari il aprelin 4-də İdlib şəhərinin Xan Şeyhun rayonunda kimyəvi silahdan istifadə olunması iddiaları ilə bağlı məruzəsini BMT Təhlükəsizlik Şurasına təqdim edəcək. Ona görə də Rusiya missiyanın mandatının uzadılması ilə bağlı səsvermənin noyabrın 7-də keçirilməsini təklif edib. Ancaq bu istək rədd edilib.