Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Azərbaycanda səfərdə olan İran İslam Respublikasının İqtisadiyyat və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.

Metbuat.az-ın məlumatına görə, DGK sədri Aydın Əliyev ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha da səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, bildirib ki, Azərbaycanda yaradılan münbit investisiya mühiti ilə əlaqədar iranlı iş adamları ölkəmizə investisiya yatıracaq, konkret olaraq istehsal sahələrinin yaradılmasına öz töhfələrini verəcəklər. Artıq bu istiqamətdə müəyyən addımların atıldığını qeyd edən Aydın Əliyev, iranlı iş adamlarının bu fəaliyyətinin davamlı olacağına ümidvar olduğunu bildirib.

Məsud Kərbasian əlaqələrin daha geniş vüsət alması üçün İran, Azərbaycan və Rusiya gömrük xidməti rəhbərlərinin üçtərəfli görüşlərinin keçirilməsinin əhəmiyyətinə toxunub. İranlı nazir eyni zamanda, Şahtaxtı-Poldəşt gömrük-sərhəd keçid məntəqəsinin 12 saatlıq, Biləsuvar və Astara gömrük-sərhəd keçid məntəqələrinin isə 24 saatlıq iş rejiminə keçirilməsi, eləcə də Aslandüz-Horadiz gömrük-sərhəd keçid məntəqəsinin açılmasının əhəmiyyətini vurğulayıb və bu istiqamətdə görülən işlərlə bağlı müzakirələr aparılıb.

Görüşdə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə iştirak edib.

Günay Elşadqızı \ METBUAT.AZ