Oktyabrın 30-da ən əhəmiyyətli layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimi olacaq. Hər 3 ölkənin prezidentinin açılış mərasimində iştirak edəcəyi gözlənilir.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətindən danışan prezident İlham Əliyev bildirib ki, bu, Avropa ilə Asiya arasında ən qısa yol olacaq: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına böyük sərmayələr qoyur. Bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaq. “Bakı-Tbilisi-Qars dəmir yolu tək ölkələri deyil, qitələri birləşdirəcək. Azərbaycanın irəli sürdüyü layihələrin heç biri uğursuz olmayıb. Bu, tərəfdaşlıq, biznes dəhlizidir. Nəticədə Azərbaycanda və qonşu ölkələrdə minlərlə yeni iş yeri açılır”.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Cavid Qurbanov bildirib ki, layihə tariflərin aşağı düşməsinə, sərf edilən vaxtın azalmasına şərait yaradacaq. Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasiya naziri Əhməd Arslan isə qeyd edib ki, qatar səfərlərinin başlanması bölgənin taleyini müsbət istiqamətdə dəyişəcək.
Millət vəkili Vahid Əhmədov Metbuat.az-a açıqlamasında layihənin siyasi və iqtisadi əhəmiyyətindən danışıb: “Bu dəmir yolu istər siyasi, istərsə də iqtisadi cəhətdən müstəqil dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edir. Necə ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilməsi ilə bütün dövlətlərin marağı Azərbaycanda oldu, bu dəmir yolu da faktiki eyni mövqedədir, o səviyyədə olan layihədir. Bildiyiniz kimi, bu layihənin həyata keçirilməyi, cənab prezidentin şəxsi mövqeyi olub. Çünki bu layihənin həyata keçirilməyinə mane olanlar çox idi. Yadınızdadırsa, ABŞ Konqresində də bunun əleyhinə çıxış edənlər var idi. Buna baxmayaraq, cənab prezident bu layihəni başa çatdırdı. Çox yaxşıdır ki, açılış da Azərbaycanda olacaq. Baxmayaraq ki, bununla bağlı da müəyyən iradlar var idi, bildirilirdi ki, açılış bəlkə Türkiyədə edilsin, ya Gürcüstanda. Amma cənab prezidentin təkidi ilə açılış oktyabrın 30-da Azərbaycanda keçiriləcək”.
Millət vəkili qeyd edib ki, layihənin iqtisadi əhəmiyyəti çox böyükdür: “Çünki bu layihə iqtisadi cəhətdən Avropa ilə Asiyanı birləşdirir. Asiyada olan bütün dövlətlər, o cümlədən, Asiya, Avropada olmayan dövlətlər özləri də bu layihəyə çox meyllidilər ki, həmin dəmir yolu vasitəsilə yükləri Avropaya çıxarsınlar. Hətta Türkmənistan, Ukrayna, Qazaxıstan və digər dövlətlər də bununla maraqlanırlar. Bu layihənin əsas maliyyə vəsaitini Azərbaycan qoyub ki, layihə başa çatdırılsın və həyata keçirilməyində problem olmasın. Burada xüsusilə Azərbaycan Dəmir Yolunun da mövqeyini qeyd eləmək istəyirəm, çünki dəmir yolunun rəhbərliyi, başda millət vəkili Cavid Qurbanov hökumətlə birgə bu layihənin həyata keçirilməyində çox böyük, inadlı işlər görüblər. Təsəvvür edin ki, dəmir yolundan gələn gəlirlər bu yüklərin daşınması nəticəsində faktiki olaraq 1-ə 10 artacaq”.
Vahid Əhmədov bildirib ki, layihənin siyasi üstünlüyü də çoxdur: “Belə böyük layihələrin həyata keçirilməsi, Azərbaycana əlavə vəsaitin daxil olması üçün şərait yaratmaqdan başqa, həm də müstəqilliyimizin qorunub, saxlanmağına bir qarantdır. Məsələn, 1994-cü ildə Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzaladı, 2013-cü ildə TANAP, TAP layihəsi prezident İlham Əliyev tərəfindən imzalandı. Əslində bunun da üzərində böyük etirazlar var idi, müəyyən qədər Azərbaycana iradlar, təhdidlər böyük idi. Amma iri dövlətlərin Azərbaycanda marağı çox böyükdür, iri şirkətlər Azərbaycana investisiya qoyurlar. Bu səbəbdən də layihənin həm siyasi, həm də iqtisadi üstünlüyü böyükdür. Ona görə də belə hesab edirəm ki, layihə Azərbaycan üçün çox lazımlıdır və demək olar ki, vaxtında istifadəyə verilir”.
Qeyd edək ki, dəmir yolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedəcək. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirəcək. 2007-ci il, noyabr 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub. Hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib.
Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu Bakı-Tbilisi-Ceyhan boru xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 mln. dollar təşkil edəcək.
Dəmiryolu xəttinin tikintisinə 2005-ci ildə başlanması nəzərdə tutulsa da, həmin dövrdə maliyyə mənbələrinin olmaması tikintinin başlanmasını ləngidib. ABŞ və Avropa Birliyi Ermənistandan kənar keçdiyinə görə layihəyə qarşı çıxıblar və tikintinin maliyyələşdirilməsindən imtina ediblər. Onlar Bakı-Tbilisi-Qars dəmiryolunun tikilməsi əvəzinə Qars-Gümrü-Tbilisi dəmiryolu xəttinin açılmasını tələb edirdilər. Lakin Azərbaycan ilə Ermənistan arasında olan Dağlıq Qarabağ münaqişəsi səbəbindən bu tələblər rədd edilib və dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsini sonradan Azərbaycan öz üzərinə götürüb. Bu məqsədlə Azərbaycan Gürcüstana ildə 1% faiz dərəcəsi ilə 25 illiyinə 220 milyon dollar kredit verib.
Günay Elşadqızı \ METBUAT.AZ