Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 2,58 dollar (4,06%) bahalaşaraq, 66,20 dollar təşkil edib.

Neftin qiymətinin bahalaşması ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, neftin qiymətinin artması siyasi səbəblərlə bağlıdır:

“Səudiyyə Ərəbistanında son 3 gündə baş verən hadisələr neftin qiymətlərini 5 dollardan da çox artırıb. Vəliəhd şahzadələrin, 8 keçmiş, 4 yeni nazirin həbs olunması, onların arasında dünyanın ən böyük neft şirkətinin vitse-prezidentinin olması neft bazarına neqativ təsir göstərdi. Həmçinin, Yəmən tərəfdən Səudiyyə Ərəbistanına bir neçə raketin atılması xəbəri yayıldı. Səudiyyənin əsas neft bölgələri Yəmənlə sərhəddə yerləşir. Bu da qiymətlərə təsir göstərdi. Əsas amil iqtisadi məsələlər deyil. Siyasi amillərlə neftin qiymətinin artması qiymətlərin dayanıqlı olub-olmaması sualını ortaya gətirir. Hazırda bununla bağlı konkret sözlər demək mümkün deyil. Bu qiymətlər təqribən bir ay müddətində qalarsa, deməli neftin qiyməti dayanıqlı olacaq.

Azərbaycana hər gün 400 min dollar əlavə pul gəlir

Azərbaycana təsiri

Ölkəmizə təsiri pozitivdir. Azərbaycanda neft istehsalı ilə bağlı 9%-a yaxın azalmalar var. Qiymətlər 50 dollar ətrafında olsaydı, bu, daha pis təsir göstərəcəkdi. Çünki paralel olaraq hasilat da azalıb. Neftin hər gün qiymətinin qalxması isə hər dollara görə Azərbaycana təqribən 400 min dollar gəlir gətirir. Ölkənin gəlirləri artacaq. Lakin neftin qiyməti bu səviyyədə qalsa belə, hökümət qarşıya qoyduğu islahat fikirlərindən əl çəkməməlidir. Çünki növbəti illərdə yenidən kəskin qiymət enməsi baş verərsə, bu, Azərbaycan iqtisadiyyatına daha böyük təsir göstərəcək. Hazırda gələn əlavə gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltməklə ölkəni daha çox inkişaf etdirmək olar”.

Xəyalə Məmmədova / METBUAT.AZ

"Bitcoin" UCUZLAŞDI - Qiymət – OXUMAQ ÜÇÜN TIKLAYIN!