Türkiyə ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Bu inkişaf qardaş ölkə ilə qurulan iqtisadi əlaqələrdə də özünü göstərir.
İqtisadçı Pərviz Heydərov Metbuat.az-a açıqlamasında bildirib ki, Türkiyə ilə Azərbaycanın mövcud iqtisadi əlaqələri olduqca genişdir:
“Ticarət dövriyyəmizdə əsas ölkələr sırasında Türkiyə 1 milyon 958 min ABŞ dolları həcmi ilə ikinci yer tutur. Bu, ümumi dövriyyəyə nisbətən 14%-ə yaxın pay deməkdir. Təkcə bir faktı deyim ki, Rusiya bu sahədə Türkiyədən sonra gəlir.

Lakin bu o demək deyil ki, bütün potensialdan istifadə edilir. Məlumat üçün qeyd edim ki, 2000-ci ildə Azərbaycan və Türkiyə arasında xarici ticarət dövriyyəsinin həcmi 326 milyon dollar təşkil edib. 2006-ci ildə isə bu rəqəm 1 milyard 35 milyon dollara çatıb. Xarici ticarət dövriyyəsi 2013-cü ildə 3 milyard 300 milyon dollar, 2016-ci ildə isə bu rəqəm 1 milyard 600 milyon dollar təşkil edib. Göründüyü kimi, temp aşağı düşüb. Bu günlərdə iki ölkənin dövlət başçıları arasında keçirilən növbəti yüksək səviyyəli görüşdə iqtisadi sahədə imzalanan sənəd böyük əhəmiyyət kəsb edir. Söhbət preferensial, yəni, imtiyazlı ticarət sazişindən gedir. Dövlət başçımız da qeyd etdi ki, bu sazişin qüvvəyə minməsi nəticəsində iki ölkə arasında olan ticarət dövriyyəsi böyük dərəcədə artacaq. Hesab edirəm ki, buna böyük zərurət var.

Həmçinin, bu günə qədər Azərbaycandan Türkiyəyə 10 milyard, Türkiyədən Azərbaycana isə 11 milyard dollar sərmayə qoyulub. Bu sərmayələrin həcmi artmalıdır. Özü də qarşılıqlı şəkildə. Deyilir ki, Azərbaycandan Türkiyəyə yatırılacaq sərmayə 20 milyard dollara çatacaq. Amma necə olur ki, ölkəmizdən Türkiyə kimi nəhəng iqtisadi potensialı olan ölkəyə 10 milyard dollar sərmayə yatırıldığı halda, əksinə, bundan cəmi 1 milyard artıq vəsait yönəlib?. Bunu da artırmaq lazımdır. Bir sözlə, əlaqələrimizi genişləndirmək üçün hələ çox böyük imkanlar var. Bundan istifadə olunmalıdır”.
Xəyalə Məmmədova / METBUAT.AZ
Bu nömrədən sizə zəng gəlsə, AÇMAYIN! - Çox təhlükəlidir! – OXUMAQ ÜÇÜN TIKLAYIN!