“2017-ci ildə ilk dəfə idxal ixracı üstələyib” - Vahid Əhmədov

“İqtisadiyyatın şaxələndirilməsi istiqamətində bundan sonra da ardıcıl siyasət aparılacaq. Bu siyasət öz nəticələrini verir”.

Metbuat.az-ın məlumatına görə, bunu, Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş yubiley mərasimindəki çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, neftdən asılılıq azalır: “Ancaq onu da bilməliyik ki, neft-qaz sektoru bundan sonra uzun illər ərzində iqtisadiyyatımızın aparıcı qüvvəsi olacaq. Qeyri-neft sektorunda isə xüsusilə bu il çox ciddi islahatlar aparılıb və ixracımız da kəskin artıb, doqquz ayın nəticələri çox müsbətdir. Kənd təsərrüfatı, qeyri-neft sektoru, qeyri-neft sənayesi sürətlə artır. Bizim valyuta ehtiyatlarımız artır, növbəti illərdə də artmalıdır”.

Prezident bildirib ki, valyuta ehtiyatlarımız bu ilin doqquz ayında 4,5 milyard dollar artıb: “Neftin qiymətinin aşağı səviyyədə olmasını nəzərə alsaq, bu, çox böyük nailiyyətdir. Bu nailiyyət, eyni zamanda, onu göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir. Bir çox ölkələr üçün bizim maliyyə vəziyyətimiz əlçatmazdır. Təkcə onu demək kifayətdir ki, xarici dövlət borcumuz 20 faizin altındadır və valyuta ehtiyatlarımız ümumi daxili məhsula bərabərdir. Ona görə növbəti illərdə iqtisadi sahədə, regional inkişaf sahəsində, əlbəttə, islahatlar dərinləşəcək və bu, bizə imkan verəcək ki, qeyri-neft sektoru hesabına daha da böyük mənfəət əldə edək”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bildirib ki, biz neft ixrac edən ölkəyik, ona görə neftdən asılılığımız daima qalacaq, çünki neft, dövlət büdcəsinin gəlirlərinin əsasını təşkil edir: “Amma dövlət başçısı tərəfindən strategiya götürülüb ki, qeyri-neft sektoru inkişaf etdirilsin. Bu sahədə də işlər görülür, 2017-ci ildə ilk dəfə idxal ixracı üstələyib. Azərbaycanın ticarət balansında bu, çox müsbət haldır.

Strateji Yol Xəritəsi cənab prezident tərəfindən təsdiq edilib. Bundan sonra, 2020, 2021 və 2015-ci ildən sonra hansı sahələrə daha çox diqqət yetiriləcəyi, hansı sahələrə sərmayə qoyulacağı, hansı sahələrin inkişaf etdiriləcəyi müəyyənləşib. Burada əsas qeyri-neft sektorunda olan sənayə, kənd təsərrüfatı sahələridir. Bu sahələrin inkişafına xüsusi diqqət yetirilir. Sənayə məhəllələri tikilir, sənaye parkları istifadəyə verilir. Bölgələrdə çox böyük işlər görülür, yeni fermer təsərrüfatları yaradılır və s. Dediyim kimi, bütün bunlar artıq Strateji Yol Xəritəsində öz əksini tapıb”.

Günay Elşadqızı / METBUAT.AZ

“Azərbaycan qanunları qarşısında cavab verəcəklər” - Millət vəkili


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı