Bismilləhir-Rahmənir-Rahim!

Səfər ayı yekunlaşmaq üzrədir. Bu ayın son günləri, Uca Allahın bəşəriyyəti düzgün yola dəvət etmək üçün məbus etdiyi, ona olan məhəbbətdən aləmləri xəlq etdiyi Əziz Peyğəmbərimizin (s) dünyadan köçdüyü gün ilə səciyyələnir.
Peyğəmbərimizin (s) bu dünyada son günləri ümmət üçün ağrılı məqamlarla müşaiyət olunurdu. Belə ki, ədalət və bərabərlik prinsipləri üzərində bərqərar olunan İslam icmasını xaqanlıq, imperiya kimi görmək istəyən müəyyən qüvvələr bu günlərdə özlərini təzahür etməyə başlamışdılar. Sonradan ümmət üçün yaranan məşəqqətlərin, çətinliklərin bünövrəsi o günlərdə qoyulmuşdu. Əlbəttə ki, bütün cidd-cəhdlərə baxmayaraq, İslamın mahiyyətini, cazibəsini, gözəlliyini, İlahi təlim olaraq kamilliyini aradan aparmağa müvəffəq olmadılar. Bugünkü bəhsimizi məhz dinimizin bu təməl prinsiplərindən birinə - ədalətə həsr etmək istərdik.

Zülm və ədalət nədir?

Bir çoxları zülm anlayışına öz düşünmə tərzinə uyğun baxmağa meyillidirlər, əslində isə buna geniş spektrdə baxılmalıdır. İstər fərdi, istər ailə həyatında, istər ictimai, siyasi, iqtisadi və bir çox digər müstəvilərdə hər bir şey ki, öz yerində deyil, olmalı kimi deyil - hamısı zülmdür. Mümkün deyil, insan bir iddiada bulunsun ki, bəs mən siyasi həyatda zülmü qəbul edirəm, amma ailə həyatımda etmirəm və s. Burada bir kompleks yanaşma mövcuddur - insan zülmün hər hansı bir təzahürü ilə barışmamalı, ən azı qəlbində buna qarşı olmalıdır. Özü zülm etməməli və digərlərinin də zülm etməsinin bacardıqca qarşısını almalıdır.

Zülmün əksi olan ədalət mövzusuna toxunaq. Qeyd etmək lazımdır ki, bir fəlsəfi kateqoriya olaraq, ədalət "hər şeyin öz yerində olması", "müəyyən bir şeyin yaranma fəlsəfəsinə uyğun tətbiqi" mənasını verir. "Ədalət" məfhumu - dinin əsas sütunlarındandır. İnsanların dinə gəlişinin əsas, ana xətlərindəndir. Hər bir insanın daxilində ədalət hissi vardır. Və araşdırmalar göstərir ki, insanların dinə-imana gəlişinin əsas səbəbi ədalət axtarışıdır, daha doğrusu, məhz dində İlahi ədalətin tapılması amilidir.

Əhli-Beytdən (ə) nəql edilmişdir: "Ədalət - pak və münəzzəh Allahın bir mizan tərəzisidir ki, onu yaradılmışların, insanların arasında qoymuşdur və haqqı yaşatmaq üçün qərar vermişdir".
Mübarək hədisdə bir neçə cəhət açıqlanır. Belə ki, bir tərəfdən ədalətin İlahi tərəzi olması bəyan edilir. Digər tərəfdən, ədalət hansısa mücərrəd bir ölçü vasitəsi deyil, məhz yaranmışlar üçün, insanlar arasında tətbiq olunması üçündür. Və ən əsas missiyası - haqqı yaşatmaqdır.

Ədalət - universal anlayışdır

İnsanlar çox həssasdırlar bu anlayışa. İrqindən, dilindən, yaşından, cinsindən, dünyagörüşündən, planetin hansı yerində yaşamasından asılı olmayaraq, hər bir insanın daxilində bir ədalət hissi mövcuddur. O dərəcədə təbii hissdir ki, heç kəsə xüsusi izah etmək də lazım deyil nədir bu. Ədalət bir hissdir ki, buna görə insanlar hər şeyini qurban verməyə hazır olurlar.

Yaşadığımız dünyada görürük ki, dünyanın bir çox yerində Yaxın Şərqdəki qətliamın dayandırılması tələbilə onminlərlə insan etiraz aksiyası keçirir. Axı nə məcbur edir onları ki, minlərlə ingilis saatlarla Londonun mərkəzində, soyuq havada dayanır, etirazını bildirir? Yaxud minlərlə amerikalı Floridada bir araya gəlib, müharibə əleyhinə mövqe sərgiləyir? Məhz ədalət hissi onları idarə edir! İlk nəzərdə uzaq diyarda nə baş verir, bu insanlara nə dəxli? Amma yox! Vicdanın səsi, ədalətin səsi onları vadar edir ki, toparlansınlar, mövqe qoysunlar! Və bir qisim insan vicdanın səsini boğursa, özünü görməməzliyə vurusa, çoxları belə etmir. İnsanları çoxu harada olmasından asılı olmayaraq, ədalətsizliyə qarşı çıxır.

Bir nəzər yetirək bəşəriyyətin nailiyyətlərinə. İfrat-təfritlərlə işimiz yox, amma əksər hüquq və azadlıqların ana xətti - ədalətdir! Bax bu anlayışdır ki, Həzrət Adəmdən (ə) günümüzədək bütün mütərəqqi isanları ədalətsizliklə, nahaqqla barışmağa qoymur. İmam Hüseynimiz (ə) ədaləti bərpa etmək üçün qiyam etdi, hər bir şeyini qurban verdi!

Hətta ədalətlə olmayanlar da bu anlayışın mövcudluğunu inkar edə bilmir. Fitrətən hər bir insanda ədalət hissi var. Səs-küyə salıb, özünün bilməməzliyə vursa da, daxilində gözəl fərqinə varır ki, ədalət nədir və ədalətsizlik nədir.

Ədalət - haqqa aparan vasitədir

Ədalətin haqqa aparan bir vasitə olması mövzusuna toxunaq. Beləliklə, ədalətsizlik haqqa apara bilməz və ədalət nahaqqa apara bilməz. Haqq deyilən bir şey varsa, o, ədalətsiz yaşadıla bilməz. Haqqa gedən yol ədalətdən keçir. Və bu, hər bir müstəvidə doğrudur: fərdi, ailə, kənd, şəhər, ölkə, dünya səviyyəsində.
Həzrət Rəsulullahdan (s) nəql edirlər: "Ədalət - qoruyucu bir sipərdir, qalxandır. Ədalət - daimi, davamlı bir cənnətdir".

İnsan ədaləti yaşam tərzi edərsə, təhlükələrdən, sapmaqlardan amanda qalar. Yolunu azmaz, zülm etməz, İlahi qəzəbə düçar olmaz ədaləti yaşadan insan - budur dinimizin buyuruşları. İnsanı fitnələrə getməyə, çaşqınlığa düşməyə qoymur ədalət hissi. Və ədalətlə yaşayan insanı ədalət əbədi, davamlı kamala yetişdirər.

Təşnə insan üçün sudan daha şirin

İmam Cəfər Sadiqdən mövzu ilə bağlı bir hədis nəql edilir: "Ədalət - susuz insanın yetişdiyi sudan daha şirindir".
Dinimiz gözəl bir bəlağətlə ədalətin şirinliyini bizə anladır. Susuz olan bir insan üçün sudan şirin bir şey ola bilərmi? Çox vaxt insan nemətin içində olanda, neməti dərk etmir. Nemətə kənardan baxanda isə, onun bütün çalarlarını, cəhətlərini sezir. Su insanın əlinin altında olanda ona bir o qədər də əhəmiyyət vermir. Amma bir neçə saat, gün susuz qaldıqda, varidatının hamısını bir içim suya verməyə hazırdır. Dinimiz buyurur ki, bax ədalət - bu hissdən də şirindir.

Həzrət Əlinin (ə) İmam Hüseynə (ə) etdiyi tövsiyələrə nəzər salaq. Buyurur ki: "Mən sənə tövsiyə edirəm ki, imkanlı durumunda da, imkansız durumunda da İlahi təqvaya riayət et ... dost-düşmənlə ədalətlə rəftar et".
Hədisdə çox mühüm cəhətlər açıqlanır. Bir tərəfdən tövsiyə edilir ki, hər bir durumda insan təqva libasına bürünməlidir, gündəlik həyatında İlahi qayda-qanunu yaşatmalıdır. Heç bir vəziyyətində Allahı unutmamalıdır. Və mühüm bir məsələ də bəlli olur - nəinki dostlarla, hətta düşmənlərlə də münasibətdə ədalətsizliyə yol verməyə icazə vermir dinimiz.

Çoxları üçün bu gözlənilməz ola bilər. Fikirləşər ki, düşməndir də, buna qarşı nə ədalət?! Amma bunlar - dinimizin qırmızı xətləridir. Düşmənlə də rəftərda Allah Təalanın qoyduğu sərhədləri keçmək olmaz. Düşmənin də haqları var və dinimiz bunları tapdamağa izn vermir. Çünki, bunları tapdamaqla, şəxs insan sifətini itirmiş olur, nəticədə hədəf bir yana qalır, insan öz ruhiyyəsini paslandırmış, çürütmüş olur.

Xilaskarın ədalət proqramı

Bəhsin inkişafında Həzrət Peyğəmbərdən (s) bir mübarək hədisə diqqət edək: "Əgər dünyanın sonuna hətta bir gündən də çox qalmasa, Allah Təala Əhli-Beytimdən (ə) bir kişini göndərər ki, Yer üzünü ədalətlə doldursun".
Bütün İslam fiqh məktəbləri bu mətləbi təsdiqləyir və nəinki İslam məzhəbləri, digər əsas dinlər də Xilaskarın gəlişini xəbər vermişdir və bütün inanc əhli də o mübarək günün intizarındadır. Lakin, intizar fəlsəfəsinə dair 2 nəzəriyyə mövcuddur. Birinci nəzəriyyəyə görə, insan elə sadəcə gözləmə mövqeyini tutmalıdır. Gözləməlidir ki, dünya zülm ilə, fəsad ilə dolduqdan sonra Xilaskar zühur etsin və dünyanı ədalətlə doldursun. Əlbəttə ki, bu nəzəriyyə insanı zəlalətə, bəşəriyyəti məhvə aparır.
Ancaq ikinci nəzəriyyə bildirir, intizar odur ki, insan maariflənsin, kamilləşsin və toplumu da kamilləşdirsin. Nəticədə bəşər o dərəcədə kamilləşir ki, İmamın (ə.f) zühuru üçün müvafiq zəmin yaranır. Və Mütəal Allahın məsləhət bildiyi vaxtda, İmam Mehdi Sahib-əz-Zəman (ə.f.) zühur edir, bəşərin kamilləşməyə doğru can atmasına, səyinə, hərəkatına rəhbərlik edir və dünyanı haqq-ədalətlə doldurur. Əlbəttə ki, bu nəzəriyyədə quruculuq, yaradıcılıq, gələcəyə nikbinlik var. Və bəşərin düşünən beyinləri bu nəzəriyyəni təsdiqləyir.

Ədalət - fitri bir hissdir

Hər bir insanın daxilində ədalətin bərqərar olacağına bir inam var. Hamı fitrətən bilir ki, nə vaxtsa mütləq zülm cəzalanacaq və ədalət öz yerini tutacaq. Böyük mütəfəkkirlər bildirirlər ki, bu daxili inam əbəs deyil, bu, İlahi lütfün təzahürüdür, həqiqi inamın rüşeymidir. Əslində bu inam - ədalətin mütləq zəfər çalacağının bildirişidir. Amma bu, ayrıca böyük bir fəlsəfi bəhsdir.

Hər bir inanc əhlinin vəzifəsi - cəmiyyəti kamilləşdirməklə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməkdir. Bu sahədə isə ən başlıcası - insanın öz daxilini təmizləməsi, zülmdən imtina etməsi, məzluma dəstək verməsi, ədaləti, haqqı yaşatmasıdır. Necə ki, buludlar arxasında gizlənən Günəş nə vaxtsa çıxır və aləmi işıqlandırır, eləcə də Əziz İmamımızın (ə.f.) mübarək zühuru ilə bəşəriyyət nicat tapacaqdır.

Sonda Həzrət Rəsulullahın (s) dünyadan köçməsinin tarixinə toxunaq. Hicrətin 11-ci ilində, səfər ayının 28-də baş verən bu kədərli hadisə, bütövlükdə ümmət üçün çox mürəkkəb və keşməkeşli bir şəraitdə baş vermişdir. Peytəmbərimizin (s) vəfatından öncə və sonra cərəyan edən proseslərə nəzər salsaq, görərik ki, əslində bəşərin bugünkü problemlərinin kökü o zamanlara gedir.

Bu baxımdan, bugünkü müsəlmanın ən ümdə vəzifəsi - Peyğəmbərimizi (s) dünyaya tanıtdırmaqdır. Bizim də cəm olaraq əsas vəzifəmiz - əziz Rəsulu (s) insanlara tanıtmaq, sevdirməkdir. Əgər insanlar Rəsuli-Əkrəmi (s) tanısalar, o Həzrətin (s) cəzzabiyyəti 1400 il sonra da hər bir vicdanlı insanı öz orbitinə daxil edəcəkdir. O Həzrəti (s) tanıyan - mütləq sevəcəkdir, sevməyə bilməz. Kamillik təcəssümü, İlahi nemətin təzahürü olan əziz şəxsiyyəti tanıyan adam mütləq bütün qəlbi ilə ona bağlanacaqdır.

Həzrət Peyğəmbərlə eyni gündə - səfər ayının 28-də, lakin, hicrətin 49-cu ilində İmam Həsənin (ə) şəhadətə yetişən günüdür. Əslində bu böyük bir faciənin göstəricisidir. Peyğəmbərimizin (s) İlahi rəhmətə qovuşmasından çox da böyük müddət keçməmişdir, amma görün vəziyyət nə yerə çatdı ki, Rəsulullahın (s) "cənnət cavanlarının seyyidi" adlandırıb, ümmətə onları sevib-qorumağı vəsiyyət etdiyi 2 əziz əmanəti - İmam Həsəni (ə), bir qədər sonra da İmam Hüseyni (ə) bu ümmət qoruya bilmədi, zalım düşmən onları şəhid etdi.

Səfər ayının sonuncu günündə 8-ci İmamımızın - İmam Rzanın (ə) şəhadəti günüdür. Abbasi xəlifəsi lənətlik Məmun, İmamı (ə) bir neçə dəfə sürgün etdikdən sonra, zəhərləyərək şəhadətə yetirmişdir. Zəmanə zalımlarının təqibləri nəticəsində İmam Rzanın (ə) 2 bacısı Azərbaycana pənah gətirmişdir. Hal-hazırda Nardaranda Rəhimə xanımın (s.ə), Bibi-Heybətdə Həkimə xanımın (s.ə) hərəmləri böyük ziyarətgahlardır.

Səfər ayından sonra gələn rəbbiəl-əvvəl adlanan növbəti qəməri ayı, bir neçə mühüm hadisə ilə əlamətdardır. Bu ayın əvvəli Peyğəmbərimizin (s) hicrət üçün Məkkədən çıxması ilə səciyyələnirsə, həmin ayın 12-də "vəhdət həftəsi" başlayır və ayın 17-də Böyük İslam Peyğəmbərinin (s) mübarək mövludu - dünyaya gəlməsi günüdür.
Allahım, bizləri Həzrət Peyğəmbərə (s) layiq ümmət qərar ver!
Allahım, ümmətin problemlərini həll edilməsini, işğal olmuş torpaqların tezliklə azad olmasını, zülmün aradan getməsini, ədələtin bərqərar olmasını, İmam Mehdi Sahib-əz-Zamanınn (ə.z.) zühurunun tezləşməsini nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin