Rusiyanın Pavlov şəhərinin sakini, 19 yaşlı Tatyana Çexranova Türkiyənin İstanbul şəhərində vəfat edib.
Milli.Az Mash-a istinadən bildirir ki, Pavlov Tibb Kollecinin 3-cü kursunda oxuyan T.Çexranova tibb bacısı olmağa hazırlaşırdı. Lakin bu ilin iyun ayında o, bir illik akademik məzuniyyət götürərək İstanbula yollanıb, kazinoda işləməyə başlayıb.
O, hər gün valideynləri ilə əlaqə saxlayırdı.
İyul ayında isə T.Çexranova 28 yaşlı iş adamı İbrahim Yıldızla tanış olub. Gənclər arasında romantik münasibətlər başlayıb. Tatyananın dediyinə görə, İbrahimin valideynləri izdivaca qarşı olublar.
"Onlar xristian olmağımı qəbul edə bilmirlər", - Tatyana valideynlərinə deyib.
Noyabrın 8-də anasına zəng vuran Tatyana sevgilisi ilə birlikdə dağlara yollanacağını, ertəsi gün mütləq zəng vurub əlaqə saxlayacağını söyləyib.
Lakin T.Çexranova ilə əlaqə kəsilib.
Bir gün də keçib və T.Çexranovanın cəsədi avtomobildə tapılıb. Rus tələbə qızın valideynlərinin dediklərinə görə, İ.Yıldızın vəkili onlarla əlaqə saxlayıb: "Dedi ki, İbrahimlə Tatyana İstanbula qayıdanda bədbəxt hadisə baş verib. Sonra bizə böyük məbləğdə pul təklif etdi".
İbrahim Yıldız isə bildirib ki, Tatyana Çexranova ilə sevgili olmayıb.
"Sadəcə, internetdə tanış olmuşduq. Sonra bildim ki, Tatyana İstanbulda fahişəlik edir, bir gecəlik qiyməti də 500 dollardır. Onunla evlənmək niyyətim barədə deyilənlər də ağ yalandır", - İ.Yıldız söyləyib.
T.Çexranovanın cəsədi İ.Yıldızın avtomobilində tapılıb. Ekspertizanın rəyinə görə, T.Çexranovanın bədənində çoxsaylı zərbə izləri olub. Onun qətlə yetirildiyi güman edilir.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin