Pakistan hökuməti ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası sənədinə etiraz edib.

Metbuat.az-ın məlumatına görə, Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, sənəddə “terrorçu təşkilatların Pakistan ərazisində fəaliyyət göstərdiyi" iddia edilib:

“Bu cür iddialar terrorla mübarizə və bölgənin təhlükəsizliyi üçün göstərdiyimiz əziyyət və fədakarlığı əhəmiyyətsizləşdirir”.

Açıqlamada deyilir ki, ABŞ-ın bu cür iddiaları bölgədəki həqiqəti gizlətmək məqsədi daşıyır: “Əsassız iddiaları qəbul etmirik. Pakistan terrorla mübarizənin önündədir və bölgədə “Əl-Qaidə” terror təşkilatının fəaliyyətinə əhəmiyyətli dərəcədə son verilib”.

Pakistan ordusunun sözçüsü general Asif Qafur yerli xəbər kanalı “Geo TV”-yə açıqlamasında deyib: “Pakistan maraqlarını qorumaq üçün keçmişdə terrorla mübarizə aparıb, bu gün də mübarizə aparmağa davam edir”.

Qafur, ABŞ-ın Pakistana hər il terrorla mübarizə üçün ayırdığı köməyə də münasibət bildirib: “ABŞ-ın verdiyi pula ehtiyacımız yoxdur. Sadəcə terrorizmlə mübarizədə fədakarlağımızın qəbul edilməsinə ehtiyacımız var”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın açıqladığı 68 səhifəlik yeni Milli Təhlükəsizlik Strategiyası sənədində Pakistana “torpaqlarında fəaliyyət göstərən terror təşkilatlarına qarşı mübarizə üçün lazımi addımlar atması” ilə bağlı çağırış edilib.

Pakistana qarşı ağır ittihamların səsləndirildiyi sənəddə “Terrorçulara dəstək göstərən ölkə ilə əməkdaşlığımız uzun müddət davam edə bilməz” yazılıb. Pakistandan əlindəki nüvə silahlarının öz nəzarətlərində olduğunu sübut etməsi üçün tələb olunan sənəddə, Pakistanla Hindistan arasındakı hərbi qarşıdurmanın nüvə müharibəsinə çevrilə bilmək ehtimalı qeyd edilib.

Günay Elşadqızı / METBUAT.AZ