“ABŞ-ın Çeçenistan lideri Ramzan Kadırov da daxil olmaqla 5 nəfərə qarşı sanksiya tətbiq etməyini qarşılıqsız buraxmayacağıq”.

Metbuat.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. ABŞ Maliyyə Nazirliyinin R.Kadırov da daxil olmaq 5 Rusiya vətəndaşını “Maqnitski aktı”na daxil etməsi ilə bağlı həftəlik konfransda danışan Zaxarova “Hər şey gülünc dərəcədə qəribədir. Bunda heç bir həqiqət payı yoxdur. Təəssüf ki, bu addımlara qarşı cavab vermək məcburiyyətindəyik. Hər zaman dediyimiz kimi, bu bizim seçimimiz deyil” - deyə bildirib.

Rusiyanın ABŞ-la strateji əməkdaşlıq münasibətlərini inkişaf etdirmək niyyətində olduğunu vurğulayan Zaxarova deyib:

“Ancaq ABŞ, bu cür sanksiya oyunlarına davam edərək ikitərəfli münasibətləri yox etmək yolunda irəliləmək istəyində olduğunu açıq şəkildə göstərir”.

Zaxarova bildirib ki, ABŞ tərəfindən sanksiya tətbiq olunan Rusiya vətəndaşlarının sayı 200-ə, ticarət müəssisələrinin sayı isə 400-ə çatıb.

Qeyd edək ki, ABŞ-ın 14 dekabr 2012-ci ildə qəbul etdiyi “Maqnitski aktı”, insan hüquqlarını pozduğu iddia edilən Rusiya vətəndaşlarına qarşı viza sanksiyası tətbiq etməyi nəzərdə tutur.

Günay Elşadqızı / METBUAT.AZ