ABŞ Birləşmiş Millətlər Təşkilatına ayırdığı vəsaiti azaldacaq.
Metbuat.az-ın məlumatına görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley deyib. O, bunun doğru istiqamətə atılan addım olduğunu qeyd edib: “BMT-nin təsirsizliyi və həddən artıq xərcləmələri məlumdur. Bundan sonra Amerika xalqının əlaçıqlığının istismar edilməsinə və ya bunun nəzarətsiz qalmasına icazə verməyəcəyik”.
Qeyd edək ki, ABŞ 2018-2019 maliyyə ilində BMT-nin büdcəsini 285 milyon dollar azaltmaq qərarı verib. Buna baxmayaraq, ABŞ yenə də BMT-yə ən çox maliyyə ayıran ölkədir. Qarşıdakı iki il ərzində ABŞ BMT-nin 5,4 milyard dollarlıq büdcəsinin 3,3 milyard dollarını maliyyələşdirəcək. Amerika eyni zamanda BMT çərçivəsində həyata keçirilən “sülhməramlı səylərə” də xüsusi töhfə verir.
Xatırladaq ki, BMT-də ötən həftə keçirilən Qüds səsverməsindən əvvəl həm ABŞ prezidenti Donald Tramp, həm də BMT-dəki daimi nümayəndəsi Nikki Haley Amerikanın Qüds qərarına qarşı səs verəcək ölkələrə maliyyə yardımını kəsməklə təhdid etmişdi. Təhdidlərə baxmayaraq, 128 ölkə qanun layihəsinin lehinə səs verib.
Günay Elşadqızı / METBUAT.AZ