Şimali İraq Kürd Muxtariyyətində istefalar davam edir.

Metbuat.az-ın məlumatına görə, hökumətdə nümayəndələri olan Goran (Dəyişmə Hərəkatı) və Komel partiyaları (İslami Cəmiyyət Partiyası) koalisiyadan çıxandan sonra bu gün də parlament başçısı istefa vermək qərarına gəlib. Yerli media artıq parlament sədri Yusuf Məhəmmədin istefa verdiyini açıqlayıb. Goranın Kürd Muxtariyyətinin məclisində 24, Komelin isə 6 millət vəkili var idi.

25 sentyabrdakı müstəqillik referendumundan əvvəl də məmur maaşlarının ancaq yarısını ödəyə bilən Məsud Bərzani rəhbərliyi, Kərkük və digər mübahisəli bölgələri Bağdad rəhbərliyinə verdikdən sonra iqtisadiyyatı tamamilə çöküb. Regiondakı məmurlar iki aydır maaş almır. Narahatlıq yaradan digər məsələ ilə elektrik çatışmazlığıdır.

Qeyd edək ki, Kürd Muxtariyyətinin hazırda Türkiyə və Rusiyaya 5 milyard dollardan çox borcu var.

Günay Elşadqızı / METBUAT.AZ